Cəmiyyət 

Deputat “arvad” sözünə qarşı çıxdı – “Ər-arvad” ifadəsi də dəyişəcək?

Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov maraqlı təkliflə çıxış edib. Belə ki, deputat “arvad” anlayışı ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

Deputat bildirib ki, qadınlar özlərinə bu formada müraciət olunmasını doğru hesab etmirlər:

“Qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq. Ola bilsin, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır. Münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir. Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar”.

BEHRUZ.jpg (80 KB)

Deputatın bu çıxışı sosial şəbəkələrdə və ictimaiyyətdə də geniş müzakirələrə səbəb olub. Bəzi şəxslər hesab edir ki, “arvad” sözü Azərbaycan dilində tarixi və lüğəvi baxımdan normal anlayışdır, ailə münasibətlərini ifadə edən ənənəvi sözlərdən biridir və onun dəyişdirilməsinə ehtiyac yoxdur. Digər tərəfdən, bəzi vətəndaşlar isə düşünür ki, zaman keçdikcə sözlərin mənası və cəmiyyətdə yaratdığı assosiasiyalar dəyişir, bu baxımdan daha müasir və etik hesab olunan ifadələrin işlədilməsi məqsədəuyğun ola bilər.

Dilçilər də bildirirlər ki, bir çox sözlərin semantik yükü zamanla dəyişə bilir və cəmiyyətin münasibəti həmin sözlərin istifadəsinə birbaşa təsir göstərir. Məhz buna görə də qanunvericilikdə istifadə olunan terminlərin müasir dövrün sosial münasibətlərinə uyğunlaşdırılması məsələsi vaxtaşırı gündəmə gəlir.

Bəs doğrudanmı “arvad” sözü qanunvericilikdən çıxarılmalı və dəyişdirilməlidir?

qulumeherremli59.jpg (209 KB)

Mövzu ilə bağlı filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli Musavat.com-a danışıb:

“Əgər bu anlayışlara müstəqil şəkildə yanaşsaq, “qadın” və “arvad” sözləri Azərbaycan dilində fərqli leksik çalarlar daşıyan vahidlər kimi çıxış edir. Müasir dövrdə həm işləkliyi, həm də daha yumşaq və etik səslənməsi baxımından “qadın” sözündən daha geniş istifadə olunur. Çünki “qadın” anlayışı daha ümumi məna daşıyır və bir şəxsin cinsini ifadə edir. Lakin elə məqamlar da var ki, həmin kontekstdə “arvad” sözünü tamamilə sıradan çıxarmaq mümkün olmur. Xüsusilə ailə münasibətləri sistemindən danışarkən “ər-arvad” ifadəsi artıq dilimizdə formalaşmış sabit birləşmə kimi çıxış edir və onu başqa formada ifadə etmək hər zaman eyni semantik yükü vermir. Burada “arvad” sözü təkcə cinsi deyil, daha çox ailə statusunu, yəni kiminsə həyat yoldaşı olmaq anlayışını ifadə edir. Tarixi baxımdan yanaşdıqda da bu anlayışın müxtəlif dövrlərdə fərqli formalarda işləndiyini görürük. Məsələn, müəyyən mərhələlərdə “övrət” sözü də istifadə olunub. Bu terminlərin hamısı müəyyən sosial-mədəni dövrün düşüncə tərzini və ailə münasibətlərinə baxışını əks etdirib. Yəni burada söhbət yalnız bir sözün lüğəvi mənasından yox, həm də onun tarixən qazandığı ictimai və mədəni məzmundan gedir. Bu baxımdan hesab edirəm ki, belə məsələlərə emosional yanaşmaqdan daha çox, dilin tarixi inkişafı, semantik xüsusiyyətləri və kontekst məsələsi prizmasından baxmaq lazımdır. Çünki hər sözün işlənmə yeri, yaratdığı assosiasiya və daşıdığı məna yükü fərqlidir. Ona görə də bu cür mübahisələrdə həm dilçilik aspekti, həm də cəmiyyətin dəyişən yanaşmaları diqqətlə nəzərə alınmalıdır”.

Daha çox xəbərlər