Qarabağa köç karvanları – Ağdam, Şuşa, Cəbrayıl…
Bu möhtəşəm quruculuq və bərpa işləri Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və milli birliyinin parlaq göstəricisidir
Qarabağa “Böyük Qayıdış” Azərbaycan tarixinin ən möhtəşəm və qürurverici səhifələrindən birini təşkil edir. Bu müqəddəs proses günbəgün daha böyük vüsət almaqdadır. Ard-arda köç karvanları doğma yurdlara doğru yola salınır. İllərlə həsrətində olduğumuz o müqəddəs torpaqlar bu gün yenidən öz sahiblərini qucaqlayır. Hər bir köç karvanı təkcə insanların deyil, bütöv bir xalqın ümidlərinin, sevincinin və milli ruhunun təntənəsidir.
“Böyük Qayıdış” prosesi çərçivəsində hələ ki son dayanacaq Ağdam şəhəri, Şuşanın Böyük Qaladərəsi və Cəbrayıl rayonunun Şükürbəyli kəndləri olub.
Böyük Qaladərəsinə 14 ailə olmaqla 64 nəfər köçürülüb. Şükürbəyliyə isə ümumillikdə 119 ailə – 535 sakin yola salınıb.
Xatırladaq ki, bu günədək Şükürbəyli kəndinə respublikamızın müxtəlif bölgələrində məskunlaşmış 390 ailə, 1692 rayon sakini köçürülüb.
Böyük Qaladərəsi kənd sakini İsmayıl Abbasov 34 ildən sonra doğma kəndlərinə köçdüklərini söyləyib: “Bu köçün davamlı olacağına inanıram. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün 34 ildən sonra doğma kəndimizə köçürük”.
Ağdama isə 110 ailə-417 nəfər köçürülüb.
Qədim və zəngin tarixə malik Xocavənd rayonunun işğaldan azad edilməsindən sonra ərazidə inkişaf dövrü başlayıb. Hazırda rayonda genişmiqyaslı bərpa, tikinti və abadlıq işləri sürətlə davam etdirilir. Paralel olaraq, tikinti-bərpa prosesi tamamlanan yaşayış sahələrinə keçmiş məcburi köçkünlərin mərhələli, eyni zamanda sistemli şəkildə qayıdışı həyata keçirilir. Yeni və dayanıqlı infrastrukturun qurulması, sosial obyektlərin bərpası və sakinlərin yaşayış şəraitinin maksimum dərəcədə yaxşılaşdırılması bölgədə sosial-iqtisadi həyatın yenidən canlanmasına güclü təkan verir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bölgədəki mövcud tikinti dinamikası ilə bağlı danışarkən bildirib ki, Xocavənd şəhərində bərpa işləri 2025-ci ilin oktyabr ayından başlayıb və ümumilikdə, 1188 evin bərpası nəzərdə tutulub. Onlardan 728 evin bərpası artıq başa çatıb, 460 evin bərpası isə davam edir.
Şöbə müdirinin sözlərinə görə, Xocavəndə ilk köç bu il fevralın 20-də gerçəkləşib. Şəhərdə gələcəyimiz olan uşaqların keyfiyyətli təhsil alması üçün 640 yerlik tam orta məktəb binası Elm və Təhsil Nazirliyi tərəfindən bərpa edilib və bu il aprelin 21-də fəaliyyətə başlayıb. Həmçinin 240 yerlik uşaq bağçasının bərpası da planlaşdırılır və ilkin mərhələdə 40 yerlik bölmənin istifadəyə verilməsi nəzərdə tutulur.
Doğma şəhərinə qovuşan Xocavənd sakini Yeganə Balakişiyeva uzun illərin həsrətinin bitdiyini, insanların öz evlərində dinc və firavan yaşamağa başladıqlarını böyük qürur hissi ilə ifadə edib: “Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı və torpaqlarımız azad edildi. İndi Qarabağda həyat yenidən canlanır. Biz də Xocavənd şəhərində məskunlaşmışıq. Mən şəhid bacısıyam və bu torpaqlar bizlər üçün çox müqəddəsdir. Burada bizə gözəl şərait yaradılıb, yollar abadlaşdırılıb, infrastruktur bərpa edilib”.
Bu arada xüsusi olaraq qeyd etmək yerinə düşər ki, bu möhtəşəm quruculuq və bərpa işləri Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və milli birliyinin parlaq göstəricisidir. Dövlətimiz heç bir kənar dəstəyə arxalanmadan, yalnız öz maliyyə imkanları hesabına Qarabağı yenidən qurur, abadlaşdırır, dünyanın ən gözəl bölgələrindən birinə çevirmək üçün gecə-gündüz çalışır. Dağıdılmış şəhərlər yenidən ucalır, yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri tikilir, kəndlərə yeni nəfəs verilir. Bu, müasir Azərbaycan dövlətinin gücünün və xalqımızın əzminin canlı təcəssümüdür.
Doğma torpaqlarına qayıdan məcburi köçkünlərin gözlərindəki sevinc, qəlblərindəki qürur hər kəsə böyük duyğular yaşadır. Onlar illərlə qoruyub saxladıqları yurd sevgisini indi gerçəyə çevirirlər. Hər addımda keçmişin ağrıları ilə yanaşı, gələcəyin böyük ümidləri də hiss olunur. Hələ qayıdış növbəsini gözləyən insanlar isə böyük intizar və inam içində o müqəddəs günü səbirsizliklə gözləyirlər. Çünki artıq hər kəs əmindir ki, Qarabağ dirçəlir, Qarabağ yenidən qurulur və Azərbaycan bu tarixi missiyanı böyük uğurla həyata keçirir.
“Böyük Qayıdış”, sadəcə, bir köç prosesi deyil. Bu, milli qürurun, zəfərin, dövlət qüdrətinin və xalq birliyinin əbədi dastanıdır. Qarabağda yüksələn hər bina, yanan hər işıq, qayıdan hər ailə Azərbaycanın sarsılmaz iradəsinin və parlaq gələcəyinin simvoludur. Bu yol böyük zəfərlə başlanıb və eyni uğurla davam edəcək. Qarabağ əbədi olaraq Azərbaycanın ürəyi kimi yaşayacaq, inkişaf edəcək və gələcək nəsillərə qürur mənbəyi olacaq.
Cavanşir Abbaslı,
Musavat.com

