Cəmiyyət 

Qurban bazarında gözlənilməz DƏYİŞİKLİK

Qurban bayramı yaxınlaşdıqca qurbanlıq heyvanların qiymətləri və insanların alıcılıq imkanları yenidən gündəmə gəlir. Son illərlə müqayisədə bu sahədə bəzi dəyişikliklər hiss olunur.

Məsələ ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova Ajans.az-a açıqlama verib.

O bildirib ki, əvvəlki illərlə müqayisədə Qurban bayramı ənənələrinin bir qədər zəifləməsi müşahidə olunur. Bu isə birbaşa olaraq bazar qiymətlərinə və ümumi tələbat səviyyəsinə təsir göstərən əsas amillərdən biridir.

“Son illərdə şərikli kəsim praktikası daha geniş yayılıb. Əgər əvvəlki dövrlərdə hər ailə bir bütöv qurbanlıq heyvan kəsirdisə, indi vətəndaşlar daha çox şərikli kəsimə üstünlük verirlər. Hətta ehtiyacı olanlara paylama ənənəsində də müəyyən azalma müşahidə olunur. Bundan əlavə, rəsmi tətil günlərinin elan olunması ilə vətəndaşlar istirahət üçün ya bölgələrə, istirahət mərkəzlərinə, ya da xarici ölkələrə səfər etməyə üstünlük verirlər.”

Ekspert deyib ki, hazırda alıcılar üçün ən sərfəli seçim imkan daxilində şərikli kəsimdir. İmkanı olmayanlar isə daha çox öz bölgələrində kəsim etməklə xərcləri azaltmağa çalışırlar. Bu vəziyyət satıcıların qiymət siyasətinə də təsir edir. Belə ki, əvvəlki illərlə müqayisədə satıcılar qiymətləri kəskin artırmaqda maraqlı deyillər, çünki tələbatın azalması səbəbindən məhsulun satılmama ehtimalı yüksəkdir. Bir çox vətəndaş isə qurbanlıq üçün nəzərdə tutulan məbləği qısa müddətli istirahətə yönəldir.

Günay Hüseynova vurğulayıb ki, qurbanlıq heyvanların qiymət artımı məsələsinə gəlincə, ekspertlər bildirirlər ki, əslində qiymətlərdə ciddi artım müşahidə olunmur. Gəlirlərin sabit qalması fonunda xərclərin artması qiymətlərin yüksəlməsi kimi qəbul edilir. Cüzi artımlar isə əsasən heyvan yeminin bahalaşması və heyvandarlıq sektorunda inkişaf templərinin zəif olması ilə bağlıdır. Bununla belə, idxal imkanları qiymətlərin kəskin yüksəlməsinin qarşısını alır.

“Bazarda saxta və standartlara uyğun olmayan heyvan satışına dair məsələlərə toxunan mütəxəssislər bildirirlər ki, bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Baytarlıq Xidməti tərəfindən birgə nəzarət həyata keçirilir. Bayram dövründə canlı heyvan satışı ilə yanaşı, kəsilmiş və kilo ilə satılan məhsullar da bazara çıxarılır. Qeyd olunur ki, aidiyyəti qurumların nəzarət mexanizmlərinin gücləndirilməsi və bayram günlərində fəaliyyətin intensivləşdirilməsi bu kimi halların qarşısının alınmasında mühüm rol oynaya bilər.”-deyə, o açıqlayıb.

Daha çox xəbərlər