Ölkə qorxunc iqlim dalğasında – XƏBƏRDARLIQ
Son günlər Azərbaycanda havanın tez-tez dəyişməsi, yağıntıların qeyri-sabitliyi və temperatur dalğalanmaları baş verir. Havanın qeyri-sabitliyi ölkəmizlə məhdudlaşmır, planetar səviyyədə durum getdikcə kəskinləşir. Bu əsnada Birləşmiş Millətlər Təşkilatı(BMT) və Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yaydığı yeni xəbərdarlıqdan belə aydın olur ki, qlobal iqlim gündəmi bu dəfə sadəcə hava proqnozu deyil, bir az daha ciddi mövzudur. Alimlərin son proqnozlarına görə, Sakit okeanda formalaşmaqda olan “El Nino” hadisəsi yaxın həftələrdə güclənərək onilliklərin ən güclüsü ola bilər. Bəzi modellər hətta onun super “El Nino” səviyyəsinə çatacağını istisna etmir. Alimlərin diqqətini çəkən əsas məqam səthin altında müşahidə edilən anomal istilikdir. Peyk məlumatları göstərir ki, Sakit okeanın şərqinə doğru yüzlərlə metr dərinlikdə 6°C-dən çox istilik anomaliyası hərəkət edir. Bu isti su kütləsi səthə qalxdıqca atmosferə təsir göstərir, külək sistemlərini dəyişdirir və qlobal hava dövranını pozan zəncirvari reaksiyanı işə salır.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) nümayəndələri bu istilik kütləsini “indiyə qədər müşahidə edilən ən güclü “El Nino” hadisələrinə rəqib kimi qiymətləndirir. Böyük Britaniya Meteorologiya Xidmətindən professor Adam Skayfe “BBC”-yə bildirib ki, elm ictimaiyyəti artıq ehtimal üzərində deyil, miqyas üzərində düşünür: “Biz böyük bir hadisənin yaxınlaşdığına çox əminik. Hətta rekord səviyyəli bir El Nino da mümkündür”. Mövcud modellərə görə, 2026-cı ilin sonuna doğru Sakit okeanın mərkəzi hissəsində temperatur anomaliyası +2.7°C səviyyəsinə çata bilər. Bu isə tarixi müşahidələrdə çox güclü El Nino kateqoriyasının yuxarı həddinə yaxınlaşmaq deməkdir.
Bəs “El Nino” nə deməkdir və niyə bu dəfə fərqlidir?
“El Nino” Sakit okeanda səth sularının normadan artıq isinməsi nəticəsində yaranan təbii iqlim hadisəsidir. Lakin onun təsiri yalnız okeanla məhdudlaşmır, bütün planetə yayılır. Buna qədər tipik “El Nino” Cənubi Amerikada güclü yağış və daşqınlar, Avstraliya və Cənub-Şərqi Asiyada quraqlıq və meşə yanğınları, Hindistanda zəif mussonlar, ABŞ-ın cənubunda yağıntı artımı ilə seçilib. Bu dəfə isə vəziyyət fərqlidir. Hadisə artıq rekord istiləşmə fonunda formalaşır. Yəni təbii iqlim dövranı antropogen qlobal istiləşmə ilə üst-üstə düşür. BMT baş katibi Antonio Quterreş bu vəziyyəti belə şərh edib: “El Nino istiləşən dünyanın alovuna əlavə yanacaq tökəcək”.
İqlim məlumatları göstərir ki, “El Nino” dövrləri adətən qlobal temperatur sıçrayışları ilə üst-üstə düşür. Xüsusilə 1998 və 2015-ci illərdə güclü “El Nino” hadisələri dünya üzrə rekord istilik illəri ilə müşayiət olunmuşdu. Yeni proqnozlara görə, 2027-ci il tarixdə ən isti illərdən biri ola bilər. Alimlər bunu təkcə “El Nino” ilə deyil, artıq yığılan uzunmüddətli istilik trendi ilə izah edirlər. “Berkeley Earth” institutundan iqlimşünas Zeke Hausfather qeyd edir edir ki, bu dəfə “El Nino” sadəcə mövcud istiliyi artırır. Əsas tendensiya isə artıq insan fəaliyyəti ilə yüksələn qlobal temperaturdur.

Tarixi təcrübə göstərir ki, güclü “El Nino” hadisələri yalnız hava sistemini deyil, iqtisadi tarazlığı da dəyişdirir. Kənd təsərrüfatında məhsul itkisi, qlobal ərzaq qiymətlərində sıçrayış və təchizat zəncirlərində pozulmalar ən çox rast gəlinən nəticələrdir.
Analitiklərin qiymətləndirməsinə görə, əvvəlki güclü “El Nino” dövrləri dünya iqtisadiyyatına yüz milyardlarla dollar zərər vurub. Bu dəfə isə risklər daha yüksək qiymətləndirilir. Çünki qlobal sistem artıq pandemiya sonrası və müharibələr fonunda həssas vəziyyətdədir. Bütün modellərin ortaq cəhəti qeyri-müəyyənlikdir. “El Nino” hadisələri külək dəyişikliklərinə həssasdır və dəqiq vaxtlama proqnozlaşdırmaq çətindir. Lakin elm adamları bir məsələdə həmfikirdir ki, proses artıq başlayıb. Planet yeni sınaq dövrünü yaşayır. Bu dəfə söhbət istiləşən planetdə təbii sistemlərin necə daha ekstremal və daha gözlənilməz hala gəldiyindən gedir. Və görünən odur ki, dünya bu dəfə sadəcə “El Nino” ilə yox, onun gücləndirdiyi yeni iqlim reallığı ilə qarşılaşır.
Son günlər Azərbaycanda müşahidə olunan anomal hava şəraiti, qəfil temperatur dəyişmələri və qeyri-sabit yağıntılar qlobal iqlim proseslərinin ölkəmizə təsirsiz ötüşmədiyini aydın göstərir. Sakit okeanda formalaşan və 2026-cı ilin sonuna doğru pik həddə çatması gözlənilən rekord güclü “El Nino” hadisəsi, birbaşa okeandan uzaq olsaq da, atmosfer sirkulyasiyası vasitəsilə Azərbaycana da ciddi təsiri var. “El Nino” qlobal temperaturu yüksəltdiyi üçün Azərbaycanda da fəsillərarası və hətta gün ərzindəki temperatur kontrastları kəskinləşəcək. İsti xəzri və ya cənub küləklərinin müddəti və intensivliyi artacaq. Quraq zonalar olan Kür-Araz ovalığında temperaturlar normadan xeyli yüksək müşahidə oluna bilər. “El Nino” illərində Azərbaycanda qış adətən nisbətən yumşaq keçir, lakin atmosferdəki qeyri-sabitlik kəskin soyuq hava kütlələrinin ölkəyə qəfil daxil olması ilə qısamüddətli, lakin anomal şaxtalı günlərə də yol aça bilər. Sakit okeandakı istilik anomaliyası qlobal külək sistemlərini, Xəzər və Qafqaz regionuna təsir edən hava cərəyanlarını dəyişir.

Bu isə yağıntıların paylanmasını qeyri-bərabər edir. Yağıntıların ümumi gün sayı azalsa da, düşən yağıntının intensivliyi artır. Yəni bir neçə ayın norması bir neçə saatda yağır. Bu, dağlıq və dağətəyi rayonlarda, Böyük və Kiçik Qafqaz bölgəsində, xüsusən Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara zonalarında daşqın, sel və torpaq sürüşməsi riskini kəskin artırır. Atmosferin alt və üst qatları arasındakı kəskin temperatur fərqi yaz və yay aylarında kənd təsərrüfatına ciddi ziyan vuran dolu hadisələrinin tezliyini artırır.
Azərbaycan regional olaraq su qıtlığından əziyyət çəkən ölkələr sırasındadır və “El Nino”nun gətirdiyi qeyri-sabitlik bu problemi daha da dərinləşdirir. Yaz aylarında havaların qəfil isinib sonra yenidən kəskin soyuması meyvə ağaclarının vaxtından tez çiçəkləməsinə və şaxta vurmasına, quraqlıq isə taxılçılıq və pambıqçılıq kimi strateji sahələrdə məhsul itkisinə səbəb olur.
“El Nino” dövründə Xəzər dənizini qidalandıran əsas çayların, xüsusilə Volqa çayının hövzəsində yağıntı rejiminin dəyişməsi və yüksək temperatur səbəbindən buxarlanmanın artması, artıq kritik həddə olan Xəzər dənizinin səviyyəsinin enməsi prosesini daha da sürətləndirə bilər. Bu isə sahilyanı infrastruktur və ekosistem üçün əlavə təhdiddir. Azərbaycan üçün “El Nino” sadəcə isti hava demək deyil. Bu, hava proqnozlarının gözlənilməz olması, kənd təsərrüfatı təqviminin pozulması və ekstremal təbiət hadisələrinin – sel, dolu, quraqlığın tez-tez təkrarlanması deməkdir. Ölkəmiz artıq antropogen iqlim dəyişikliyinin fəsadlarını yaşayır və bu super “El Nino” dalğası mövcud riskləri ikiqat artırmış olur. Bu il və qarşıdakı illər qlobal miqyasda istiləşmə planeti ciddi təlatümlərlə üz-üzə qoyacaq.
E.Məmmədəliyev,
Musavat.com

