Azad olunan torpaqlarda yay istirahəti: harada qalmaq olar, qiymətlər necədir?
Yay mövsümünün başlaması ilə vətəndaşların istirahət planlarında işğaldan azad olunan ərazilər də getdikcə daha çox yer almağa başlayıb.
Musavat.com xəbər verir ki, son illərdə Qarabağ və Şərqi Zəngəzura maraq nəzərəçarpacaq dərəcədə artıb.
Bir zamanlar yalnız Böyük Qayıdış və bərpa-quruculuq xəbərləri ilə gündəmə gələn bu bölgələr artıq turizm istiqaməti kimi də diqqət çəkməyə başlayır.
Bəs işğaldan azad olunan bölgələrdə yay istirahəti üçün hansı imkanlar var? Harada qalmaq, gecələmək və istirahət etmək mümkündür? Qiymətlər necə dəyişir və bölgələr üzrə yay proqramları nəzərdə tutulubmu?
Qeyd etmək yerinə düşər ki, Şuşa, Xankəndi, Laçın, Zəngilan, Ağdam və digər azad olunan ərazilərdə yeni hotellər, istirahət və ictimai iaşə obyektləri istifadəyə verilir, turizm infrastrukturu formalaşdırılır. Qiymətlər isə seçilən marşrut və xidmət səviyyəsindən asılı olaraq dəyişir. Bir günlük Qarabağ turlarının qiyməti əsasən 50–55 manatdan başlayır. Hotellərdə gecələmə üçün isə qiymətlər məkan və xidmət paketinə uyğun formalaşır. Məsələn, Şuşada turistlərə xidmət göstərən hotellər arasında “Şuşa Hotel”, “Qarabağ Hotel”, “Yasəmən Hotel və Restoran” və “Xarıbülbül Hotel” var. Burada gecəlik qiymətlər əsasən 200–340 AZN aralığında dəyişir.
Xankəndidə fəaliyyət göstərən hotellər sırasında “Palas Hotel”, “Qala Hotel”, “Cahan Hotel” və “Bulud Hotel” yer alır. Bu hotellər daha çox orta qiymət seqmentinə daxildir. Laçında “Laçın Resort & Spa”, “Həkəri Hotel” və “Abdallar-Laçın Hotel” turistlərin istifadəsindədir. “Laçın Resort & Spa” daha yüksək komfort təqdim edir və qiymətlər təxminən 170–240 AZN civarındadır. “Abdallar-Laçın Hotel” isə daha münasib variant sayılır.
Zəngilanda “Ağalı Hotel” və digər istirahət məkanları fəaliyyət göstərir. Ağalı kəndində turizm daha çox ekoloji və kənd turizmi istiqamətində inkişaf edir. Burada yerləşən hotel üzrə gecələmə təxminən 120 manatdan başlayır (27-31 may bir gecə 149 AZN), digər hotellərdə isə qiymətlər 99–190 manat aralığında dəyişə bilir.
Ümumilikdə, 2026-cı ilin yay mövsümündə Qarabağ bölgəsində hotellərdə gecəlik qalmaq üçün qiymətlər təxminən 60 AZN-dən başlayaraq 300 AZN-dən yuxarı dəyişir.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Yeganə Quliyeva Musavat.com-a bildirib ki, yay mövsümündə Laçın rayonu qonaqları özünəməxsus təbiəti, sərin iqlimi və rahat istirahət mühiti ilə qarşılayır:
“Son illərdə şəhərdə və ətraf ərazilərdə yaradılmış turizm və xidmət infrastrukturu Laçını ailəvi istirahət, həftəsonu səfərləri və təbiət qoynunda vaxt keçirmək istəyənlər üçün cəlbedici məkanlardan birinə çevirib. Hazırda rayonun Zerti kəndi ərazisində fəaliyyət göstərən “Lachin Resort & Spa” İstirahət Kompleksi, eləcə də “Həkəri”, “Laçın” və “Abdallar” hotelləri qonaqlara müxtəlif yerləşmə və istirahət imkanları təqdim edir. Bununla yanaşı, “Tree House”, “Baba”, “Aynalı”, “Lapizzeria”, “Həkəri” balıq evi restoranları və “River Side” ailəvi istirahət məkanı şəhərə gələn qonaqların asudə vaxtının səmərəli təşkili üçün xidmət göstərir. Laçına səfər edənlər Həkəri çayının sahilində istirahət edə, rayonun müasir siması ilə tanış olmaqla yanaşı, yenidənqurma və inkişaf prosesini yaxından müşahidə edə bilərlər. Yay aylarında xüsusilə ailəvi istirahət və qısamüddətli səfərlər üçün əlverişli şərait mövcuddur. Laçının zəngin təbiəti yalnız mənzərələri ilə deyil, yerli məhsullarıyla da diqqət çəkir. Rayonun yüksək dağlıq ərazilərindən toplanan təbii bitkilər əsasında formalaşdırılan “Can Laçın” brendi artıq qonaqların maraq göstərdiyi yerli məhsullardan birinə çevrilib. Ekoloji cəhətdən təmiz ərazilərdən toplanan müxtəlif şəfalı bitkilər təbii üsullarla emal edilərək çaylar, məlhəmlər və digər məhsullar şəklində istehlakçılara təqdim olunur. Bununla yanaşı, “Raisa İz” çörək və şirniyyat evi də özünəməxsus məhsulları ilə Laçına gələn qonaqların yaddaşında xoş təəssürat yaradır”.

Yeganə Quliyeva əlavə edib ki, Laçında turizm və xidmət sektorunun inkişafı davam edir:
“Yaxın vaxtlarda şəhərin ən görkəmli məkanlarından biri olan Dövlət Bayrağı Meydanında müasir “coffee shop” və “Bulanjeri” (şirniyyat evi) fəaliyyətə başlayacaq. Həkəri çayının sahilində inşa olunan “Çıraqlı” hoteli, eləcə də şəhər mərkəzində yerləşən “OLF Laçın” hotel və restoran kompleksi də yaxın günlərdə qonaqların istifadəsinə veriləcək. Yeni istifadəyə veriləcək bu obyektlər Laçının turizm potensialını daha da genişləndirməklə yanaşı, ziyarətçilərə müxtəlif və keyfiyyətli xidmətlər təqdim edəcək. Qiymətlər seçilən yerləşmə və xidmət növünə görə dəyişir. Qonaqlar mövcud hotellər və digər xidmətlər barədə ətraflı məlumatı birbaşa müəssisələrdən və ya onların rəsmi məlumat kanalları vasitəsilə əldə edə bilərlər. Bu gün Laçın yalnız yenidən qurulan şəhər kimi deyil, həm də işğaldan azad olunan ərazilərdə formalaşmaqda olan turizm istiqamətlərindən biri kimi diqqət çəkir. Yay mövsümündə rayona gələn qonaqlar burada həm əsrarəngiz təbiətin gözəlliklərini seyr etmək, həm də Böyük Qayıdışın yaratdığı yeni həyatın şahidi olmaq imkanı qazanırlar”.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva da fikirlərini bildirib:
“Burada gəzməli yerlər çoxdur. Azərbaycanın səfalı guşələrindən biridir Şərqi Zəngəzur. Ən çox çaylar da burdadır. Həftəsonları və bayram tətillərində əraziyə gələnlərin sayı daha da çoxalır. Zəngilana gələnlər əsasən “Ağalı” hotelində dayanırlar. Hoteli bizim qurum inşa edib və müasir hotelçilik nöqteyi nəzərindən yüksək xidmət göstərmək potensialı var. Hazırda icarədədir, yəni idarəetməni icarəçi şirkət həyata keçirir. Qiymətlər və xidmət keyfiyyətinə özləri nəzarət edirlər. “Ağalı” hotelinin yaxınlığında, Həkəri çayının sahilində xüsusi piknik zonası da inşa edilib. Bu yer tikintidən geridə qalmış materiallarla inşa edilib. Yəni materiallardan səmərəli istifadə nəticəsində yerli sakinlər və qonaqlar üçün belə səfalı bir məkan ərsəyə gəlib. Cəbrayıl şəhəri və yeni istifadəyə verilmiş Horovlu kəndinin də yay mövsümündə qonaq qəbul etmə potensialı var. Həm mənzərələr, həm də ictimai iaşə obyektləri gözəl istirahət üçün uyğundur”.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bizimlə söhbətdə deyib ki, region üzrə fəaliyyət göstərən hotellərin sayı Xankəndidə 22, Ağdərədə 3, Xocalıda isə 1-dir.

Onun sözlərinə görə, Xankəndiyə gələn turistlər Zəfər Meydanı, Zəfər Parkı və Qarabağ Universitetini ziyarət edə bilərlər:
“Ağdərənin Vəngli kəndində turistik zona, hotel və restoranlar fəaliyyət göstərir. Xocalının əsas tarixi və görməli məkanlarından biri isə Əsgəran qalası hesab olunur”.
Afaq Mirayiq,
Musavat.com

