Şuşa polisinin şəhid əməkdaşının əmanəti oğluna qaldı
2 İyul – Azərbaycan Polisi Günü xalqımızın təhlükəsizliyi, dövlətçiliyimizin qorunması və ictimai asayişin təmin olunması uğrunda xidmət edən polis əməkdaşlarının peşə bayramıdır. Bu əlamətdar gündə Vətən uğrunda canından keçən polis şəhidlərimizi ehtiramla anır, onların xatirəsini dərin hörmətlə yad edirik.
Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Şuşa Rayon Polis Şöbəsinin əməkdaşı Tahir Əsədov da həmin igidlərdən biridir. O, Vətənin müdafiəsi uğrunda canını fəda edərək gələcək nəsillərə vətənpərvərlik, mərdlik və şərəf nümunəsi qoyub.
Bu gün isə onun müqəddəs yolunu oğlu – Şuşa Rayon Polis Şöbəsinin əməkdaşı Natiq Əsədov davam etdirir. Atasının müqəddəs peşəsini seçən Natiq Əsədov Azərbaycan polisinin sıralarında xidmət edərək şəhid atasının adına layiq olmağa çalışır, dövlətə və xalqa sədaqətlə xidmət edir.
Ata və oğulun həyat yolu Azərbaycan polisinin şərəf salnaməsinin bir parçasıdır. Biri Vətən uğrunda canını fəda edib, digəri isə həmin müqəddəs əmanəti ləyaqətlə yaşadaraq xalqın təhlükəsizliyi naminə xidmət göstərir.
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını təbrik edir, xidməti borcunu yerinə yetirərkən şəhid olmuş bütün polis əməkdaşlarının əziz xatirəsini ehtiramla anırıq. Şəhidlərimizin ruhu daim uca olunsun.
Vüsal Rafiqoğlu