Çərşənbə, 01 İyl, 2026

Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir – MEDİA

Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.

Agentlikdən Musavat.com-a verilən məlumata görə, sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir.

Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir.

Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti – 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.

Sorğu nəticələrinin təhlili Prezident İlham Əliyevə olan yüksək inam və etimadın dövlətimizin başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada Prezident İlham Əliyev ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir – respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.

Qeyd edək ki, ictimai rəy sorğusu 2026-cı il mayın 20-dən 30-dək üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib.

Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı +- 3 faizdir.