Cümə axşamı, 02 İyl, 2026

Qonaq evi kimi fəaliyyət üçün hansı prosedurlar tələb olunur?

Son illər bölgələrdə turizmin canlanması bir çox ev sahibini rayondakı fərdi yaşayış evini qonaq evi kimi fəaliyyətə başlamağa həvəsləndirir. Bəs evi qonaq evinə çevirmək üçün hansı qanuni prosedurlar yerinə yetirilməlidir, hansı icazələr və qeydiyyat tələb olunur?

Mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, bu məsələ iki ayrı hüquqi sahəni əhatə edir:

“Söhbət sahibkarlıq fəaliyyəti üzrə qeydiyyatdan və turizm qanunvericiliyinə uyğun olaraq yerləşmə vasitəsi kimi qeydiyyatdan gedir. Kiməsə tək dəfə mənzil kirayə vermək fərqlidir, amma müntəzəm, gündəlik və ya qısamüddətli əsasda kirayə vermək gəlir əldə etmək məqsədi daşıdığı üçün Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti hesab olunur, bu fəaliyyətlə məşğul olmaq istəyən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanına “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə” verməklə uçota durmalıdırlar. Əlavə olaraq, fəaliyyət həyata keçirilən obyekt (ev) yerləşdiyi ərazi üzrə vergi orqanında ayrıca uçota alınır (obyekt kodlaşdırılır).

Ev “qonaq evi” statusunda fəaliyyət göstərəcəksə, sadəcə vergi qeydiyyatı kifayət deyil. Dövlət Turizm Agentliyinin Turizm Reyestrində “yerləşmə vasitəsi” kimi qeydiyyat tələb olunur. Nazirlər Kabinetinin 86 saylı Qərarına əsasən yerləşmə vasitəsinin müdiriyyəti tərəfindən “məsul şəxs” təyin edilir və bu şəxs qonağın gəlmə vaxtında Qonaq Qeydiyyatı Proqramı vasitəsilə elektron qeydiyyatı aparır, çıxış zamanı da məlumat yenilənir. Bu, əvəzsiz dövlət proqramıdır, Qonaq Qeydiyyatı Proqramı Dövlət Turizm Agentliyi tərəfindən Turizm Reyestri əsasında formalaşdırılır və pulsuz təqdim olunur” , – deyə o qeyd edib.

Yəni, rayondakı mənzilini qonaq evinə çevirmək istəyən şəxslər həm vergi uçotuna durmalı, həm də Turizm Reyestrində qeydiyyatdan keçərək gələn turistləri elektron bazada rəsmiləşdirməlidirlər.