İqtisadçı: “Özəl sektorun inkişafına dair aparılan islahatlar ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edəcək”
Dövlət başçısı sahibkarlıq fəaliyyətin inkişafına, bu inkişafla bağlı dövlət siyasətinə mane olan qüvvələrə qarşı sərt tədbirlərin görüləcəyini bəyan etdi.
ARANTV.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Azərbaycanın Ümimi Daxili Məhsulda 85%-lik paya sahib olan özəl sektor iqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməlidir:
“Bu, aparılan iqtisadi islahatların əsas hədəflərindən biridir. Məhz bu hədəf ölkə iqtisadiyyatının sürətli inkişafını, yeni iş yerlərinin açılmasını, iqtisadiyyata daha çox investisiyaların qoyulmasını, insanların maddi rifah halının daha da yaxşılaşmasını təmin edəcək. Buna mane olan hər bir qüvvə dövlətə və xalqa qarşıdır”.
T.Mirkişili qeyd edib ki, aparılan islahatlar, şəffaflaşma, vergi ödənişində yüksək etimad mühitinin yaradılması istiqamətində görülən işlər, sosial sahədə aparılan islahatlar ölkədə sürətli inkişaf üçün yeni imkanlar açdı: “Eyni zamanda, böyük ehtiyatların olması da nəzərə alınaraq daha sürətli inkişaf üçün dövlət başçısı tərəfindən yeni tapşırıqların verilməsi və bu sahənin peşəkar, vətənə bağlı kadrlara həvalə olunması yaxın gələcəkdə iqtisadiyyatda daha geniş artımı təmin edəcək”.

