Bakıda tələbənin ölümünə səbəb olan şəxs HAKİM QARŞISINDA
Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirli bilinən Cümşüd Balabəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
Qeyd edək ki, hadisə bu il mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.
Bakı İdarəetmə və Texnologiya Kollecindən verilən məlumata görə, II kurs tələbələri Qalib Əsgərov və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərov dünyasını dəyişib.
Cümşüd Balabəyova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
“Ölkə.Az”

