Azərbaycan Xalça Muzeyi “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2018” mükafatına layiq görülüb
ARANTV.AZ xəbər verir ki, ölkəmizə səfər edənlərin sevimli gəzinti məkanlarından biri də Xalça Muzeyidir. Ötən il 80 mindən çox insan bu məkanla tanış olub. Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2018” mükafatına layiq görülüb.
Tarix boyu sənət və mədəniyyət mərkəzi kimi tanınan ölkəmizdə toxuculuq sənəti özünəməxsus yer tutur. Azərbaycan xalçaları dünyada öz naxışı, gözəlliyi və kompozisiyası ilə şöhrət qazanıb. Xalqımızın qədim xalçaçılıq məktəbinin ənənələri hazırda Azərbaycan Xalça Muzeyində qorunur və gələcək nəsillərə çatdırılır. Ölkənin müasir tikililərindən olan muzey yalnız sənət nümunələrinin sərgi yeri kimi deyil, həm də qədim xalça sənətinin hərtərəfli araşdırılması, bədii incilərin yüksək səviyyədə təqdimat məkanı kimi fəaliyyət göstərir. Elə bu səbəbdəndir ki, hər il muzeyi minlərlə turist ziyarət edir.
Muzeyin fəailiyyəti xarici turizm agentlikləri və saytları tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2018” mükafatına layiq görülüb. 2010-cu ildən təsis edilən mükafat il ərzində “TripAdvisor” səyyahları tərəfindən daha çox müsbət rəy alan incəsənət və mədəniyyət ocaqları, o cümlədən turizm obyektlərinə verilir. Xalça Muzeyi ötən il də “Mükəmməllik serifikatı” alıb və həmin il 80 mindən çox insan bu məkanla tanış olub. Bu da respublikamızın muzeyləri arasında rekord göstəricidir. Bu ilin 8 ayı ərzində isə muzeyə gələnlərin sayı 63 mini keçib.
Son iki ildə muzey Beynəlxalq Muzeylər Şurasının Beynəlxalq Sənədləşmə Komitəsi tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi – 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatlarına da layiq görülüb.

