“Məktəb bufetləri bəzən direktorlar tərəfindən icarəyə verilərək şərikli biznesə çevrilir”-Ekspert rəyi
Bu gün ən vacib məsələlərdən biri orta məktəblərin yaxınlığında və məktəb bufetlərində, xüsusən də evdə hazırlanan un məmulatlarının və digər yeyinti məhsullarının satışıdır. Bəzi məktəb yeməkxanalarında uşaqlara dönər, mayonez ilə salat təklif olunduğunu da deyə bilərik. Amma əksər ölkələrdə mayonez risk qrupuna aid edilib və məktəbdə qidalanma sistemində satışına qadağa qoyulub. Xüsusilə qeyd etmək lazımdır ki, yaranmış nəzarətsiz mənzərə sui-istifadə və cinayət əməlləri üçün geniş meydan yaradır və bu da dəhşətli nəticələrə səbəb ola bilər.
Məktəblərdə ərzaq məhsullarına (kökə və digər un məmulatlarının) hansı qurum nəzarət edir və yaxud etməlidir? Qeyd etmək olar ki, əksər hallarda satılan məhsulların tərkibi tələblərə cavab vermir və düzgün formada daşınmır. Bu qidaların satıcılarında uyğunluq sertifikatları varmı və bu qidalar uşaqların sağlamlığı və həyatı üçün nə dərəcədə təhlükəsizdir? Məhsulların Azərbaycan əhalisinin həssas təbəqəsinə – uşaqlara təklif olunduğunu nəzərə alaraq, satıcılar həkim nəzarətindən keçirlərmi?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov Sonxeber.az-a danışıb. O, bildirib ki, beş il bundan öncə o vaxtkı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetləri üçün standart hazırladı və bir sıra məktəb bufetlərində bir sıra qidaların satışı qadağan olundu. Onlara qazlı, energetik içkilər, kolbasaların bir çox növləri,çips və digər məhsullar daxildir. Lakin Azad İstehsalçılar Birliyinin xüsusən regionlarda, o cümlədən Beyləqanda apardığı monitorinqlər göstərdi ki, məktəb bufetləri heç də standart tələblərə cavab vermir. Bufetlərin əksər hissəsi direktorlar tərəfindən kimlərəsə icarəyə verilərək şərikli biznesə çevrilir. Hazırda məktəb bufetlərinə mərkəzləşdirilmiş qaydada qida verən heç bir qurum yoxdur. Vaxtı ilə belə bir qurum olub, hazırda isə yoxdur. İndi məktəb bufetləri müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altındadır. Lakin burada da, gündəlik, ciddi nəzarət yoxdur. Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə xüsusi diqqət yetirməlidir. Hətta, məktəb bufetində işləyən şəxslərin yoxlanması da ciddi nəzarət yoxdur.
Xüsusən rayon və kənd məktəblərində bu məsələ daha çətindir. Üstəlik məktəblərin qidalanmasında böyük problem var. Çünki, böyük tənəffüs şagirdlərin qidalanmasına kifayət etmir. Ona görə də mən həmişə demişəm ki, məktəblərdə avtomatik meyvə satan qurğular qoyulmalıdır. Məktəb foyelərində uşaqlar qəpiklərini ataraq meyvə və digər məhsullardan istifadə etsinlər. Təbii ki, bu kimi məsələlər həll olunmalıdır. Artıq üç ildir valideyinlər zəng edib deyirlər ki, məktəbdə qidalanmaq üçün uşaqlara pul verilir, onlar isə artıq üç ilə yaxındır ki, bazara çıxmış qiyməti 45-50 qəpiyə olan sigaretə verirlər. Dəfələrlə demişəm ki, Şəkidə istehsal olunan bu sigaret sexləri bağlanmalıdır. Təəssüf ki, bu kimi problemlər və siqaretlərin tək-tək satışı hələ də davam edir. Ona görə də bu işdə valideyn komitələri, müvafiq icra hakimiyyəti orqanları, müəllimlər, kollektivlər maraqlı olmalıdırlar ki, şagirdlərin qidalanması rasional və standarta uyğun bufetlərdən istifadə olunsun. Onu da qeyd edim ki, məktəb bufetlərində satıcıların hər hansı bir həkim nəzarətindən keçməsi də yoxdur.

