Həyatınızı qənaətlə yüngülləşdirin…
Qənaət edərək yaşamaq, o demək deyil ki, hər şeydən imtina etməlisiniz. Qənaət etmək gələcəkdə istifadə edəcəyiniz pulların yığılmasıdır. Nəyə və necə qənaət edilməliyik ki, gündəlik normal yaşamı təmin etməklə bərabər, ailə büdcəsini də qoruyub saxlamaq mümkün olsun? Bədxərc olmayın, demək asandır, amma buna əməl etmək çox çətindir. Bu məqalədə sizi sadə və faydalı pula qənaət etməyin yolları ilə tanış edəcəyik.
Endirim kartları ilə alış-veriş edin
Alış-veriş etdiyiniz hər mağaza sizi gələcəkdə öz müştərələri arasında görməyə ümüd edir. Buna görə də , fərqli endirim sistemi istifadə edən mağazalar öz müştərilərinə xüsusi endirim kartları verir. Belə kartlar ilə alış-veriş edən insanlar büdcələrinə qənaət etmiş olurlar. Alış-veriş edərkən kassirdən bonus və ya endirim kartları barədə soruşmaqdan çəkinməyin.
Gəlirlərinizi və xərclədiyiniz pulların hesabını aparın
Bu məsləhətin bəlkə də bir neçə min il yaşı var, lakin hələ də öz aktuallığını itirməyib. Sadəcə bir dəftər götürüb xərclərinizi kateqoriyalar üzrə bölüb yazmaq lazımdır. Hər pul alarkən isə onu gəlir bölməsinə yazaraq, ayın sonunda hesabat edib , lazımsız xərcləri ləğv edərək, büdcəmizə qənaət etmiş oluruq.
Kredit kartından az istifadə edin
Çalışın kredit kartından az istifadə edin, nağd pula üstünlük verin. Mütəxəssislərin sözlərinə görə, sırf psixolojı nöqteyi-nəzərdən pulu əldən xərcləmək daha çətindir, nəinki heç görünüşü ilə belə pulu xatırlatmayan plastik kartlardan.
Pul kisəniz soyuq rəngdə olmasın
Pul kisəniz soyuq rəngdə deyil, isti rənglərdə olsa, yaxşıdır. Qırmızı, narıncı və qəhvəyi rənglər pulları özünə cəlb edir.
İstifadə etmədiyiniz əşyalarınızı atmayın
Sizin üçün gərəksiz görünən əşyalar başqa insanlar üçün lazımlı ola bilər. Uşaqlarınızın balaca geyimlərini, istifadə etmədiyiniz əşyalarınızı zibilliyə atmayın. Bu əşyaları sataraq, müəyyən miqdarda pul qazana bilərsiniz, beləliklə, ailə büdcənizə qənaət etmiş olursunuz.
Xəsis olmayın
Özünüzə qarşı həddindən artıq sərt davranmayın, çünki xəsis insanlar adətən iki dəfə xərcə düşürlər. Xəsis insanlar irəli düşmək istədiklər halda, geriyə getmiş olurlar. Hər əməkhaqqı alanda özünüz üçün “xərclik” pulu ayırın.
Bəzi insanlar həddindən artıq qənaətçil olanda onlarda hətta psixoloji problemlər müşahidə olunur.
Mağazaya gedərkən siyahı tutun
Sizə lazım olan ərzaqların alınması üçün mağazaya yollanmazdan əvvəl siyahı tutmaq məsləhət görülür. Ümumiyyətlə, mağazaya həftədə bir dəfə olmaqla, tez-tez baş çəkməmək lazımdır.
Orqanizm üçün zərərli qidalardan imtina edin
Orqanizminiz üçün zərəzli qidalardan imtina etməklə təkcə , sağlamlığınızı qorumuş olmursunuz, həmçinin pulunuza da qənaət edirsiniz. Özünüzün hazırladığınız yemək dondurulmuş yarımfabrikatlardan daha dadlı və sərfəlidir.
Samirə Tağıyeva, “İki sahil”

