“Zirvə” 2019-cu ilə yekun vurdu – FOTO
“Zirvə” Beynəlxalq İdman Klublarının ötən ilin idman yekunlarına həsr olunmuş ənənəvi “Zirve Awards” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
ARANTV.AZ xəbər verir ki, tədbirdə Azərbaycan idmanının tanınmış simaları, Olimpiya, dünya, Avropa, çempionları və mükafatçıları, il ərzində uğurlu nəticələri ilə fərqlənmiş digər şəxslər iştirak edib.
Budəfəki mərasim digərlərindən fərqli olub. Belə ki, klub rəhbərliyi yeniyetmə və uşaq idmanının inkişafı və təbliğini üstün tutaraq qaliblər siyahısına məhz bu istiqamətdə fərqlənən şəxsləri daxil edib.
Mükafata layiq görülən idmançıların heç birinin yaşı 17-dən yuxarı olmayıb, digər nominasiyalarda təltif edilən şəxslər də məhz bu yaşa qədər idmanın inkişafındakı xidmətlərinə görə fərqləndirilib.
Mükafatlar iki bölmədə – Azərbaycanı beynəlxalq arenada layiqli təmsil edənlər və VII “Zirvə” Beynəlxalq Uşaq Oyunarında fərqlənənlər üzrə təqdim edilib. “Zirve Awards”da “İlin idmançısı”, “İlin hakimi”, “İlin məşqçisi”, “İlin federasiyası”, “Uşaq İdmanının İnkişafındakı Xidmətlərinə görə”, “İlin media qurumları”, həmçinin “Zirvə Oyunları”nda “İlin klubu”, “İlin komandası”, “İlin təşkilatçısı”, “İlin ən yaxşı idmançısı”, “Uşaq İdmanının Təbliğindəki roluna görə” və “Olimpiya ümidləri” nominasiyaları üzrə qaliblər elan edilib.
“Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti, sabiq ağır atlet, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Heydərov çıxışında bildirib ki, sahibi olduğu qurumun idmançıları daxili və beynəlxalq yarışlarda ümumilikdə 236 medal əldə edib.
Bunlardan 96-sı qızıl, 62-si gümüş, 78-i isə bürünc medal olub. Bu medallardan 169-u daxili, 67-si isə ölkə xaricindəki yarışlarda qazanılıb. Fərqlənən idman növləri arasında ağır atletika ön planda olub. 2019-cu ildə onunla rəqabətə karate, takevondo, bədii gimnastika və cüdo idman növlərindəki təmsilçilər qoşularaq layiqli və nəzərəçarpacaq uğurlar qazanıb.
Qeyd edilib ki, VII “Zirvə Beynəlxalq Uşaq Oyunları”nda 27 idman növündə 12 ölkədən olan, 300-ə yaxın klubu təmsil edən dörd mindən çox idmançı uşaq qüvvəsini sınayıb. Kiçik bir Olimpiada kimi təşkil olunan bu Oyunlarda yeniyetmə idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, sərbəst və yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medallar uğrunda mübarizə aparıb.
Medal sıralamasında “AAAF Park Zirvə” 63 (20 qızıl, 22 gümüş, 21 bürünc), “Neftçi” 44 (12 qızıl, 9 gümüş, 23 bürünc) və “Sumqayıt-Təhsil” 13 (9 qızıl, 3 gümüş, 1 bürünc) medalla ilk üç sıranı tutub.
Daha sonra Oyunlarda fərqlənənlərə “Zirve Awards” mükafatları təqdim edilib. Tədbir zamanı qaliblərə təqdim edilən xüsusi kubokları təqdim etmək üçün səhnəyə Fərid Mansurov, Tofiq Heydərov, Namiq Abdullayev, Raqif Abbasov, Rafael Ağayev, Toğrul Əsgərov, Hacı Əliyev, Rəsul Çunayev, Eduard Məmmədov və Ramal Aslanov kimi tanınmış şəxslər dəvət edilib.
Sonda bu ilin may ayında Astarada keçiriləcək VIII Zirvə Beynəlxalq Uşaq Oyunlarının bayrağının rəsmi keçidi prosesi həyata keçirilib. VII Zirvə Oyunlarının Təşkilat Komitəsinin sədri Rauf Quliyev bayrağı növbəti Oyunların Təşkilat Komitəsinin sədri İlqar Malıyevə təqdim edib.
Ənənəyə sadiq qalaraq tort kəsilib. Bunu Olimpiya ümidləri nominasiyasında qalib gələn yeniyetmə idmançılar böyüklər arasında dünya və Avropa çempionatları, Olimpiya Oyunlarında uğur qazanmış idmançılarla birlikdə ediblər.

