Gəncliyin yeni strategiyası
Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır
Gənclər həmişə cəmiyyətin yeniliyə can atan, çevik və yaradıcı qüvvəsi olub. Onların qüvvəsindən düzgün istifadə isə olduqca mühüm əhəmiyyət kəsb edir. Gənclərə qayğı və məhəbbətlə yanaşan bir toplum həmişə uğur qazanaraq gələcəyini əmin əllərə etibar edir. Məsələyə bu konteksdən yanaşsaq deyə bilərik ki, müstəqil dövlətimizdə uğurlu gənclər siyasəti həyata keçirilir. Məqsədəuyğun gənclər siyasətinin nəticəsidir ki, bu gün güclü intellektual, avanqard, vətənpərvər düşüncəyə malik böyük bir gənclər ordusu formalaşıb. Öz düşüncəsini, elmini, qabiliyyətini büruzə vermək üçün cəmiyyətimizdə gənclərə dövlət tərəfindən hər cür şərait yaradılıb. Onların ictimai işlərdə fəallığı üçün yaradılmış gənclər təşkilatları, asudə vaxtlarının xoş keçirilməsi üçün təşkil olunan düşərgələr, elmi dünyagörüşlərini inkişaf etdirmək üçün beynəlxalq və yerli konfrans, seminar, görüş və simpoziumlar uğurlu gənclər siyasətinin ən parlaq göstəricisidir. Sevindirici haldır ki, ictimai işlərdə fəallıq göstərən gənclərin sayı gündən-günə dinamik şəkildə artır. Yetişməkdə olan gənclər yüksək mədəni-əxlaqi keyfiyyətləri ilə seçilir. Onların Vətənə, dövlətə, xalqa bağlılığı əxlaqi keyfiyyətlərinin yüksək olmasından xəbər verir.
Müasir gəncliyin inkişafında ulu öndər Heydər Əliyevin rolu danılmaz və əvəzsizdir. Ümummilli Lider hər zaman gənclərə qayğı ilə yanaşıb və problemləri ilə daim yaxından maraqlanıb. Ulu öndər Heydər Əliyev hələ respublikaya ilk rəhbərliyi dövründə gəncləri İttifaqın digər respublikalarına təhsil almağa göndərib. Ulu Öndərin bu addımı gənclərə verilən ən böyük diqqətin bariz nümunəsi və təsdiqidir. İkinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev yenidən gənclər sektoruna qayğısını artırmışdır. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk Forumu keçirilib. 1997-ci il fevralın 1-də 2 fevralın Gənclər Günü elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu Forum bir tarixi ənənəyə çevrilərək hər il keçirilir və öz ətrafında minlərlə gənci birləşdirir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı özündə bir sıra mühüm məqsədlərə çatmağın əsas hədəflərini ehtiva edir. Sənəd yeni dövrün gənclərinin fəaliyyət strategiyası da adlandırıla bilər. Proqram Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanıb və qarşısına ciddi vəzifələr qoyur. Məsələn, proqram ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək kimi məqsədlərin həyata keçirilməsini prioritet elan edir. Burada əsas vəzifələr sırasında gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği, sağlam həyat tərzi, narkomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması və digərləri göstərilə bilər. Beləliklə, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritetləri ölkə gəncliyinin fəaliyyət strategiyasını müəyyənləşdirir.
Ölkəmizdə başladılan “Könüllülük” hərəkatı gənclərin illərlə gözlədiyi bir məqam oldu desək, yanılmarıq. Könüllülük hərəkatının çox qədim tarixi var. Dövlətçilik tariximizdə könüllülük hərəkatı mövcud olmuş və bu indi də davam edir. Tarix ərzində xalqımız könüllülük fəaliyyəti ilə məşğul olub. Biz bunu bədii əsər və tarixi hadisələrdə müfəssəl görə bilərik. Könüllülük fəaliyyətini konkret bir tarixi hadisə ilə məhdudlaşdıra bilmərik. Ancaq könüllülük hərəkatının başlanğıcının əsas meyarlarını müəyyən etmək olar. İndiki dövrdə könüllülük hərəkatının əhatə dairəsi genişlənərək tədqiqat obyektinə çevrilib. Könüllülük hərəkatının hüquqi bazası möhkəmləndirilmiş və cəmiyyətin bütün təbəqələrini əhatə etməyə başlayıb. Bu gün minlərlə gənclər “Könüllü” kimi fəaliyyət göstərir. Bu, gənclərin daha da sosiallaşmasına kömək olur.
Müstəqil Azərbaycan gənci artıq ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir və müstəqilliyimizin möhkəmlənməsinə yardımçı olur. Gənclərlə dövlət arasında sıx əlaqə mövcuddur və bu əlaqə onların inkişafına stimul verir.
Sevinc Azadi, “İki sahil”

