Siyasət 

Bakıda Özbəkistanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub

ARANTV.AZ xəbər verir ki, Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 27-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

“Azərbaycanla Özbəkistan arasında mövcud olan qarşılıqlı siyasi etimad və dialoq iki ölkənin əməkdaşlığının daha da inkişafına və dərinləşməsinə zəmin yaradır”. Bu fikirlər Özbəkistanın Azərbaycandakı səfirliyində bu ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 27-ci ildönümü münasibətilə təşkil edilən rəsmi qəbulda səsləndi. Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkəsinin müstəqillik tarixindən danışaraq həyata keçirilən islahatların əhəmiyyətindən söhbət açdı, bu islahatların ölkənin inkişafına xidmət etdiyini dedi.  Səfir ölkəsinin Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyət verdiyini qeyd edərək münasibətlərimizin dərin köklərə əsaslandığını və bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyini vurğuladı. Rəsmi qəbulda çıxış edən Baş nazir Novruz Məmmədov əlamətdar bayram münasibətilə Azərbaycan Prezidenti və Hökuməti adından Özbəkistan xalqını təbrik etdi. Ölkələrimiz arasındakı əlaqələrin milli mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlandığını söyləyən Baş nazir münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin məmnunluq doğurduğunu vurğuladı. Azərbaycanın bütün istiqamətlərdə böyük nəqliyyat və enerji infrastrukturu layihələrini həyata keçirdiyini söyləyən Baş nazir Novruz Məmmədov Asiyadan Avropaya yükdaşımalarda ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun Özbəkistan üçün əlverişli imkan olduğunu vurğuladı. O da qeyd olundu ki, Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə nümayiş etdirdiyi dəstək yüksək qiymətləndirilir.

Daha çox xəbərlər