Gündəm 

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyi arasında memorandum imzalanıb

ARATV.AZ xəbər verir ki, kənd təsərrüfatının inkişafı məqsədi ilə Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sisteminin məlumatlarından qarşılıqlı istifadə olunacaq. Bu, Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanan Anlaşma Memorandumuna əsasən mümkün olacaq.

İndiyədək 4,6 milyon hektar sahənin elektron kadastr uçotu aparılıb. 2 minə yaxın şəhər, kənd və yaşayış məntəqəsində elektron kadastr uçotu işləri görülüb. Torpaqların kadastr uçotu ümumilikdə 57 şəhər və rayonu, həmçinin 6,5 milyon hektara yaxın ərazini əhatə edəcək. Proses yekunlaşan rayonların bələdiyyə xəritələri, yay otlaqlarının geobotanik, torpaqların isə eroziya xəritələri tərtib edilib. Bu, aqrar sahəyə cəlb olunan torpaq sahələrinin artmasına, məhsuldarlıq üzrə faydalılıq dərəcəsinin müəyyənləşməsinə imkan yaradır. Əmlak idarəçiliyi sahəsində ilk dəfə reallaşdırılan ən irimiqyaslı və unikal layihələrdən olan Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sisteminə dair təqdimatda bu barədə məlumat verildi. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov vurğuladı ki, effektiv torpaq idarəçiliyi ilə bağlı elektron kadastr uçotu informasiya sistemi yaradılır. Bununla yanaşı, rəqəmsal kadastr xəritəsi tərtib edilir, bu istiqamətdə elmi texniki nailiyyətlər tətbiq olunur. Diqqətə çatdırdı ki, görülən işlər nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqlar elmi əsaslarla idarə edilir, aqrar sahəyə dəstək mexanizmi formalaşır, torpaq ehtiyatlarından istifadənin qanunauyğunluğu müəyyənləşir.

Kənd təsərrüfatı naziri İnam Kərimov torpaqların səmərəli idarəedilməsi sahəsində innovativ layihələrin icrasında birgə əməkdaşlığın əhəmiyyətindən danışdı. Bildirdi ki, bu əməkdaşlıq görülən işlərin daha da genişlənməsinə xidmət edir.

Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanan Anlaşma Memorandumu da ikitərəfli əməkdaşlığın genişlənməsi baxımından xüsusi rola malikdir. Sənədin əsas hədəfi kənd təsərrüfatının inkişafı məqsədi ilə Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sisteminin məlumatlarından qarşılıqlı istifadə, bu sahədə təcrübə mübadiləsi aparmaqdır.

Daha çox xəbərlər