Siyasət 

Tomas Qreminger: “Azərbaycan ATƏT-in fəal üzvüdür”

ARANTV.AZ xəbər verir ki, Azərbaycan ATƏT-in fəal üzvüdür və qurumun fəaliyyətində yaxından iştirak edir. Bu fikri ATƏT-in baş katibi Tomas Qreminger Milli Məclisdə keçirdiyi görüşdə səsləndirib.

Azərbaycanla ATƏT arasında ötən 25 ildə geniş əməkdaşlıq qurulub. Ölkəmiz qurumun fəaliyyətinə yaxşı töhfələr verir. Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə belə dedi. Bildirdi ki, Cənubi Qafqaz regionunun lider dövləti və reallaşdırılan bütün beynəlxalq layihələrin iştirakçısı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. ATƏT regionunda həlli uzanan münaqişələrdən danışan spiker Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ problemindən geniş söz açdı. Diqqətə çatdırdı ki, bu münaqişənin nizamlanması məsələsi ilə 25 ildir ATƏT-in Minsk qrupu məşğuldur. Problemin həllinə dair müxtəlif sənədlər qəbul olunsa da, Ermənistan problemin həlli üçün lazımi addımları atmır. Spiker münaqişənin nizamlanması məsələsində qurumun gücünün artırılmasını, qəti addımlar atılmasını vacib saydı. ATƏT-in baş katibi Tomas Qreminger bu vəzifədə ilk dəfə ölkəmizə səfər etdiyini və burada keçirdyi görüşlərin məhsuldar olacağına inandığnı dedi. Bildirdi ki, Azərbaycan ATƏT-in fəal üzvüdür və nümayəndə heyəti qurumun fəaliyyətində yaxından iştirak edir. Ölkəmiz struktur dialoq platformasında da fəaldır. Bakıya səfərinin məqsədi də ölkəmizlə ATƏT arasında əlaqələrin genişləndirilməsi, əməkdaşlıq münasibətlərinin inkişafı üçün yeni imkanların araşdırılmasıdır.

 

Daha çox xəbərlər