Siyasət 

Polşada AXC-nin 100 illiyinə həsr olunan tədbir keçirilib

ARANTV.AZ xəbər verir ki, Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib. Heydər Əliyevin Fondunun və ölkəmizin Polşadakı Səfirliyi tərəfindən təşkil olunan tədbirlərdə ölkəmizin tarixi və son dövrlər əldə edilən nailliyyətlərdən danışılıb.

Heydər Əliyevin Fondunun təşkilatçılığı ilə Polşada keçirilən Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan tədbir əvvəlcə paytaxt Varşavanın yerləşdiyi Mazovetski quberniyasının binası qarşısında Azərbaycana həsr edilən “İstiqamət-Azərbaycan“ adlı sərginin nümayişi ilə başladı. Bir ay açıq olacaq sərginin əsas məqsədi Azərbyacanın turizm imkanlarının Polşada tanıtmaq, polyak ictimaiyyətində ölkəmiz haqqında məlumatlılığı artırmaqdır. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Mazovetski voyevodluğunun qubernatoru Zdislav Sipiera sərgi ilə tanış oldular. Sonra Azərbaycan nümayəndə heyəti Varşavadakı Yuzef Polinski adına parkda “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” ucaldılan abidəsi ziyarət etdi. Məlumat verildi ki, bu abidə 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli general Matsey Sulkeviç və Polşa Ordusunun və Milli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb. Abidə həm də Azərbaycan və polyak xalqları arasında dostluq və qardaşlığın simvolu hesab olunur. Sonra Varşavada Kral sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirildi. Ölkəmizin Polşadakı səfiri Həsən Həsənov tədbir iştirakçılarına Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırdı. Bildirdi ki, bu gün Azərbaycan-Polşa əlaqələri, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında, yüksək səviyyədə, siyasi, iqtisadi və mədəni sahədə formalaşıb, Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında olan səmimi işgüzar və dostluq münasibətləri qarşılıqlı etimad  üzərində qurulub. Qeyd olundu ki, humanist layihələr həyata keçirən Heydər Əliyev Fondu da Azərbaycan və Polşa arasında dostluq münasibətlərinə xidmət edən bir sıra tədbirlər həyata keçirib. Heydər Əliyev Fondu və Polşanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Bakıda 200 nəfərlik məktəb inşa olunub, polyak pianoçu Stanislav Deanın konserti təşkil edilib, daun sindromlu uşaqların Krakov şəhərinə səfəri həyata keçirilib. 2009-cu ildə  Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Azərbaycan və Polşa arasındakı dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə Polşanın Böyük Komandor ordeni ilə təltif edilib. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrindən söz açan Polşanın xarici işlər nazirinin müavini Bartoş Çixotski bildirdi ki, ölkəsi Azərbaycan inkişafının bir hissəsi olmaq istəyir, beynəlxalq hüququn prinspiləri ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh tədbirlərini dəstəkləyir. İki ölkə arasındakı sıx siyasi atmosfer və dostluq münasibətlərindən danışan Bartoş Çixotski ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin baş tutduğunu və bu sıx əlaqələrin gələcəkdə də davam etdirələcəyini dedi. Tədbir iştirak edən Polşanın dövlət və hökümət nümayəndələri Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı öz təbriklərini çatdırdılar.

Sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cumhuriyyətinin tarixindən bəhs edən filmə baxdılar. Tədbirin bədii hissəsində tanınmış pianoçu Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu konsert proqramı ilə çıxış etdi. Konsertdə xalq və bəstəkar mahnıları, Elçin Şirinov və Şəhriyar İmanovun bəstələdiyi əsərlər caz improvizasiyaları ilə təqdim olundu. Polyak müğənni Malvina Kuşiorun ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin“ böyük maraqla qarşılandı. Kral sarayının foyesində Heydər Əliyev Fondu tərəfindən hazırlanan sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən foto və sənədlər, video və audiomateriallar, səfirliyin tərtib etdiyi broşürlər təqdim olundu, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədli film nümayiş etdirildi.

Daha çox xəbərlər