Hadisə 

Qohumlarının evinə basqın edib əl-qollarını bağladılar — ZAQATALADA MASKALI CİNAYƏT

Zaqatala rayonunda quldurluq cinayəti törətməkdə təqsirli bilinən Zəngiyev Fərhad Tahir oğlu və Zəngiyev İsmayıl Aydın oğlu barəsində başlanan cinayət işinin ibtidai istintaqı başa çatıb.
ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası martın 4-nə təyin olunub.

Məlumata görə, naməlum şəxslər Zaqatala rayonu Çökək kənd sakini Teymur Ağakişiyevin evinə quldurluq niyyəti ilə daxil olub, ev sahibi ilə Ümuküs Zəngiyevanın əl-qolunu bağlayaraq hədə-qorxu gəlib, onlardan pul tələb ediblər. Daha sonra 400 manata yaxın pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.

Zaqatala Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə baxış keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin rayonun Kebeloba kənd sakinləri 31 yaşlı Fərhad və 21 yaşlı İsmayıl Zəngiyevlər, eləcə də Fərid Bolayev tərəfindən törədildiyi müəyyən edilib və onlardan ikisi Fərhad və İsmayıl Zəngiyevlər şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onların cinayəti törədərkən istifadə etdikləri əlcəklər, maskalar və digər əşyalar maddi sübut kimi götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs F.Zəngiyevin ev sahibləri ilə qohumluq münasibətləri də olub.

Zəngiyev Fərhad Tahir oğlu və Zəngiyev İsmayıl Aydın oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin quldurluq maddəsinin 4 bəndi (181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə, 181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə; 181.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;) maddələri ilə ittiham elan olunub.”Ölkə.Az”

Daha çox xəbərlər