Əsas səhifə 

Nəticələr siyasətimizin düşünülmüş olduğunu göstərir

Yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması,  elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni  çağırışlar qarşımızda durur. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə cənab İlham Əliyev ayrı-ayrı sahələrdə aparılan islahatlara diqqəti yönəldərək bildirmişdir ki,  nəticələr siyasətimiz düşünülmüş  olduğunu göstərir: “Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur.”

Daim ilklərə imza atan Azərbaycan  “ASAN xidmət”,  “ABAD”, “DOST” layihələri  diqqət mərkəzindədir. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirir ki,  “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.

Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən “ABAD”, hər bir vətəndaşın yaxın dostuna çevrilən “DOST”  şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir.   Son bir ildə aparılan struktur  və kadr islahatları hakimiyyətin bütün qollarının səmərəliliyinin artırılmasının daha da yüksəlməsini təmin edir.  Yüksək ixtisaslı gənc kadrların  yetişdirilməsi və dövlət idvrəçiliyindən təmsil olunmaları onların potensial imkanlarını düzgün  istiqamətləndirmələrində əhəmiyyətli rol oynayır.

Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.

Azərbaycanın mühüm uğurları sırasında yer alan 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi barədə qərarın qəbul olunmasında da bu kimi uğurlarımız əhəmiyyətli rol oynayır.  “20-ci əsr texnoloji mübarizə  əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” bildirən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi  ifadə edir ki,  genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində  son illər ərzində  əldə edilmiş  təcrübə bizə imkan verir ki, Konqres ən yüksək səviyyədə  keçirilsin. Bundan sonra da  kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində  əlavə addımlar atılacaq.

Röya Rasimqızı, “İki sahil”

Daha çox xəbərlər