“1 həftədən sonra ölkəmizdə koronavirus…”
Kardioloq İdris Xəlilov: “Pasientlərimin çoxu stress vəziyyətindədir”
“Sovet səhiyyəsi müəyyən cəhətlərinə görə Avropa və Amerika səhiyyəsindən üstündür”
“Azərbaycan həkimi həmişə ön planda olub, az maaşla işləyib, 24 saat xəstənin yanında olublar”
Tanınmış kardioloq, professor İdris Xəlilov ölkədə koronavirus pandemiyası ilə mübarizə istiqamətində aparılan işləri dəyərləndirib və maraqlı fikirlər səsləndirib.
Musavat.com həmin müsahibəni təqdim edir.
– Doktor, Azərbaycanda koronavirusla mübarizəni dünya ölkələri ilə müqayisədə necə qiymətləndirirsiniz?
-Hesab edirəm ki, Azərbaycanda koronavirusla mübarizə dünyadan fərqlidir və yaxşıdır. Ona görə də bizdə kontaktların sayı və xəstələnənlərin sayı azdır.
-Əhalinin karantin tələblərinə əməl etməsi və davranışları sizi qane edirmi?
-Əhalinin davranışları Avropaya, Moskvaya və Amerikaya baxanda bizdə daha yaxşıdır.
-Koronavirusla bağlı iddialara münasibətiniz necədir? Bioloji silah olması, laboratoriyalarda istehsal edilməsi fikri həqiqət ola bilərmi?
-Bəla burasındadır ki, tibbi savadı olmayanlar da , qeyri-mütəxəssislər də, hamı bu mövzunu gündəmə gətirir. Bu səhvdir. Burada söz sonda deyiləcək, bunu isə mütəxəssislər, virusoloqlar və epidemioloqlar deyəcəklər. Hətta mənim kimi həkimlərin də burada konkret fikir ifadə etməsi doğru və qanuni deyil.
-Hazırda ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər də risk qrupuna daxildir. Siz durumu onlar üçün təhlükəli hesab edirsinizmi?
-Bu virusun ürək-damar xəstələri üçün ciddi bir təhlükəsi yoxdur. Mən bütün ürək xəstələri üçün 24 saat pulsuz konsultasiya elan etmişəm. Çox sayda insan bu gün mənə müraciət edir. Ürək xəstələri də, qrip də hər zaman olub. Bu ikisini şişirtmək, insanları panikaya salmaq doğru deyil. Mən əminəm ki, 1 həftədən sonra bizim ölkədə bu məsələ tamamilə həll olunacaq.
![]()
-Doktor, proqnoz verirsiniz ki, 1 həftə sonra yoluxmalar qeydə alınmayacaq?
-Təqribən yoluxmalar minimuma enəcək. Bu virus hər zaman olub. Sadəcə, bu dəfə bəzi insanlarda pnevmaniyaya çevrildi. Ancaq buna xüsusi önəm və rol vermək lazım deyil.
-Bəs bu virusun dünyanı iflic etməsi, iqtisadi sistemin dondurulması əsassızdırmı, sizcə?
-Dünyada da hazırda bir-birini təkzib edən bilgilər də var. Ona görə, düşünürəm ki, sonda virusoloqlar bu suallara cavab verəcəklər. Burada siyasi , iqtisadi və başqa maraqlar da ola bilər. Ancaq hələ tezdir, bu sonda bəlli olacaq.
-Dünyada 120 mindən çox insan ölüb. Bu qədər olümün səbəbi nədir bəs?
-Ola bilər ki, koronavirus daha çox violentdir. Daha çox insanları xəstələndirmək gücünə malikdir və buna görə viruslar arasında birinci yeri tutur. Ancaq mənim baxış bucağım belədir ki, bütün dünyada atmosfer yüksək səviyyədə çirklənib, ərzaq məhsulları korlanıb. Bunun sayəsində virusların aktivliyi yox, insanların immunitetinin zəifləmə sürətlə gedir. Ona görə də, bu virus özünü belə göstərdi. Koronavirusun əsas “gücü” 2 həftə ərzində orqanizmdə gizli inkişaf edə bilməsidir, məhz bunun sayəsində sərhədləri aşdı, bütün dünyaya yayıldı.
-Digər viruslardan bu fərqin səbəbi nədir?
-Hazırda belə bir qənaətə gəlinib ki, iki həftə ərzində özünü büruzə verə bilər. Ona görə də, karantin dövrü də məhz 2 həftə götürülür. Ancaq başqa versiyalar da var. Məsələn, 40-50 gün arasında da özünü göstərə bilər. Həm də ola bilər ki, kimlərdəsə ümumiyyətlə gizli keçsin, heç bir simptomu olmasın, ancaq onun yoluxdurduğu başqa şəxslərin səhhəti ağırlaşsın. Ona görə də, bundan sonra da insanlar viruslara qarşı hazırlıqlı olmalı, ondan qorunma yollarını bilməli, evlərində qalmalı və xəstə olarsa, bayıra çıxıb insanların içində asqırmamalı, başqalarını xəstələndirməməlidir.
-Hazırda cəmiyyətdə stress və panika yüksək var. Bu ürək-damar xəstəliklərinin artmasına səbəb olubmu?
-Mənim pasientlərimin də çoxu stress vəziyyətindədir. Ona görə də, daim konsultasiya aparıram. Ancaq ürək-damar xəstəlikləri ilə bağlı müraciətlər çox azalıb. İnsanlarımız optimist olmalıdır. Əminəm ki, bəşəriyyət bu bəlaya qalib gələcək. Biz nə qədər depressiyada olsaq, daha ağır keçəcək. Ona görə də, depressiyaya düşməməliyik, optimist olmalıyıq. Günəşimiz var, təbiətimiz var, hava isinəcək və qalib gələcəyik. Ona görə də, optimist olub, evdə qalıb, dövlətin çağırışlarına əməl etməliyik.
-Koronavirus həm də Azərbaycan səhiyyəsinə inam yaratdı, həkimlərimizə olan simpatiyanı bərpa etdi. Onları qəhrəman elan etdi. Sizin düşüncəniz necədi?
-Mən sizə çox təşəkkür edirəm ki, həkimlərimizin əməyini dəyərləndirirsiniz. Çünki bundan öncə bəzi jurnalistlər həkimləri çox tənqid edir, imiclərini aşağı salırdılar. Ancaq Azərbaycan həkimi həmişə ön planda olub, az maaşla işləyib, 24 saat xəstənin yanında olublar. Bizim təcili yardımımız yaxşı işləyir. Keçmiş Sovet ölkələrinin təcili yardımı dünyada ikinci, Avropada birinci yeri tutur. Bu gün bizim həkimlərimiz çətin vəziyyətdə çalışır. Mən də bu yolda hər bir çətinliyə hazıram.
![]()
-Cəmiyyətdə belə bir fikir var ki, epidemiyalara qarşı sovet səhiyyəsi Avropa səhiyyəsindən daha güclüdür. Bunun nəticəsi olaraq koronavirus MDB ölkələrində daha yüngül keçdi və Amerika, Avropadakı qədər fəlakətlərə səbəb olmadı. Sovet dövründə vaksinasiya güclü getdiyindən indi yaşlı insanlarımız daha az xəstələnir. Razısınızmı bu fikirlə?
-Bəli, sübut oldun ki, sovet səhiyyəsi müəyyən cəhətlərinə görə Avropa və Amerika səhiyyəsindən üstündür. Sizdə faktlara əsaslanaraq bunu söylədiniz. Bizdə keçmişdə virusologiya, epidemiologiya elmi var idi, bu adda kafedralar var idi. İnstitutlar fəaliyyət göstərirdi. Onların ciddi nəzarəti sayəsində bizdə bəzi infeksion xəstəliklər ləğv olunmuşdu. Bir neçə il öncə Cənub bölgəsində malyariya yayıldı və onunla çox ciddi mübarizə getdi, bizim səhiyyəmiz qalib gəldi. Amerika səhiyyəsində isə virusologiya sahəsində işlər zəifdir.
-Bu hadisədən sonra həm də dünyanı bir virusla idarə etməyin mümkünlüyü nəzəriyyəsi yarandı. Sizcə, gələcəkdə hansısa beyin mərkəzləri bu texnologiyadan istifadə edə bilərmi, süni pandemiyaların şahidi olacağıqmı?
-Bəşəriyyət tarixi sübut edir ki, hər zaman sonda xeyir şərə qalib gəlir. O baxımdan düşünmürəm ki, hansısa virus bütün bəşəriyyətə və tibb elminə qalib gələ bilər. Harada insan faktoru varsa, orada neqativ hallar da olacaq. Sovet səhiyyəsi insana xidmət edirdi. Hansı ölkələrdə səhiyyə biznesə xidmət edirlərsə, onlar çox fəsad törədə bilərlər.
-Sonda oxucularımıza nə deyərdiniz?
-Çalışın, heç olmasa özünüzü və bir nəfəri qoruyun, bir nəfəri qorusanız milyonları qorumuş olarsınız. Evdə qalın, insanlarla canlı kontakta girməyin, əllərinizi yuyun, selikli qişalara əl vurmayın və yaxşı qidalanın, optimist olun. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər də öz dərmanlarını vaxtında qəbul etsinlər, problem yaranarsa, təcili yardıma, mənə və həmkarlarıma müraciət etsinlər. Biz 24 saat istənilən vətəndaşa kömək etməyə hazırıq.
Nərgiz LİFTİYEVA,
Musavat.com

