Region Xəbərləri 

Gəncədə tibbi maska qıtlığı aradan qalxıb – hərəyə 5 ədəd…

Spirt 70 qəpikdən, tibbi əlcəklər isə 20 qəpikdən  limitsiz olaraq satılır

Bir müddət idi ki, ölkədə tibbi maska və digər tibbi ləvazimatlarla bağlı problem yaşanırdı. Lakin hökumət bu vəziyyətin tezliklə aradan qaldırılması üçün ciddi tədbirlər görməyə başladı. Əsas tədbirlərdən biri də Sumqayıt Kimya Sənaye parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlaması oldu. 

Aprelin 6-dan fəaliyyət göstərən müəssisədə məlumata görə, ilkin mərhələ olaraq 120 min tibbi maska istehsal edilir. Bununla da bu həftədən başlayaraq Azərbaycanın idxaldan asılılığına son qoyulacağı və ölkəmizin özünü tibbi maska ilə tam təmin edəcəyi bildirilirdi. Əməkdaşlarımızın paytaxt Bakıda hazırladıqları reportajlardan belə məlum olur ki, artıq paytaxtda tibbi maska problemi tədricən həllini tapır. Bəs ölkənin ikinci şəhəri Gəncədə bu barədə vəziyyət necədir? Yerli tibbi maskalar Gəncə apteklərində də gəlib çatdımı?

Musavat.com-un əməkdaşı Gəncənin bir neçə aptekində olub və vəziyyətlə maraqlanıb. Əvvəlki günlərdən fərqli olaraq bu dəfə baş şəkdiyimiz bütün apteklərdə 30 qəpiyə satılan tibbi maskalara rast gəldik. Əczaçılar 5-dən  qədər maska almaq mümkün olduğunu bildirdilər. Qeyd edək ki, gigiyenik qaydalara əsasən bir tibbi maskadan maksimum 1-2 saat istifadə etməli, gün ərzində bir neçə dəfə dəyişmək lazımdır. Beləliklə, bir şəxsə bir neçə tibbi maskanın satılması ona gün ərzində bir neçə dəfə maskasını dəyişmək imkanını verir ki, bu da virusla bağlı insanlarda təşvişi bir qədər azaltmış olur.

Müşahidələrimizdən də gördük ki, apteklərə gələn  alıcılar artıq əliboş deyil, maskalarla geri dönürlər. Qeyd edək ki, bundan əvvəl apteklərə baş çəkəndə əczaçıların üzündə bir gərginlik hiss olunurdu. Maska tapmayan alıcılar bəzən əczaçılarla aqressiv davranır, buna görə onları suçlayırdılar.

Hətta bununla bağlı bir çox apteklərin vitrinlərinin şüşələrinə, giriş-çıxış qapılarına bu cür qeydlərə rast gəlmək olurdu: “Hörmətli müştərilər! Maska və tibbi spirtin az sayda olması və hər birinizə çatmaması əczaçıların günahı deyil! Xahiş edirik, əczaçılara qarşı anlayışlı və təmkinli olasınız”.

Lakin müşahidə etdik ki, artıq bir bu cür elanlar yığışdırılıb, əvəzində isə belə bir qeydlər qoyulub: “Hörmətli müştərilər, əgər aptekimizdə hər hansı xoşa gəlməz hal, kobud rəftar, laqeyd yanaşma, əczaçılardan narazılıq olarsa aşağıdakı nömrələr ilə əlaqə saxlayın…”

Qeyd edək ki, bəzi mütəxəssislər adi tibbi maskaların koronavirus və bu tip viruslardan qorumadığını bildirir, bunun üçün xüsusi filtrli maskalara üstünlük verməyi tövsiyə edirlər. Amma Gəncə apteklərində demək olar ki, filtrli maska satılmır. Şəhərdə filtrli maska taxan sakinlərə də rast gəlmək mümkündür. Onlardan bu cür maskaları aldıqları ilə maraqlandıq. Bəzisi həmin maskaları qohum-tanışlardan tapdığını, bəzisi isə internet resuslarından onlayn sifariş etdiklərini dedi. Qiymət isə həddən artıq baha – 10-20 manat arasındadır.

Apteklərdə olduğumuz zaman tibbi spirt və əlcəklərlə də maraqlandıq. Məlum oldu ki, tibbi maska kimi bu cür ləvazimatları da istənilən aptekdə çox rahat şəkildə, sərfəli qiymətə almaq mümkündür. Tibbi spirtlər 70 qəpikdən, tibbi əlcəklər isə 20 qəpikdən başlayan qiymətlərə limitsiz olaraq satılır.


Musavat.com
Fotolar müəllifindir

Daha çox xəbərlər