Ağstafada Ağgölün sahilindən bir top mərmisi tapıldı – FOTO
Aprelin 19-da Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Ağgöl kəndi, Ağgöl gölünün sahilində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan ARANTV.AZ-a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd praktiki atışlar üçün nəzərdə tutulmuş 100 mm-lik top mərmisi (PBR-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

