Cəmiyyət 

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirə günüdür

ARANTV.AZ xəbər verir ki, İyulun 27-si xalqımızın dahi övladlarından biri, keçmiş SSRİ-də böyük nüfuz və hörmət qazanmış görkəmli dövlət və elm xadimi, vətənpərvər ziyalı Əziz Əliyev və onun qızı, sağlığında ikən Azərbaycan musiqi sənətinə misilsiz töhfələr verən Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın xatirə günüdür.

Azərbaycan tibb elmi, təhsil və səhiyyə sisteminin yaradıcılarından biri, görkəmli dövlət xadimi Əziz Əliyevin tarixi xidmətləri onun ömür yoluna parlaq səhifələr yazıb. Bu ömür 1997-ci il yanvarın 1-də İrəvandan başlayır. İlk təhsilini rus-tatar məktəbində alan Əziz Əliyev Sankt-Peterburqda həkimlik peşəsinə yiyələnir, lakin ikinci kursa keçərkən tətil üçün evlərinə döndüyündə acınacaqlı vəziyyətlə üz-üzə qalır. Bu, o vaxt idi ki, ermənilər azərbaycanlılara qarşı amansız tədbirlərə başlamışdı. Gənc tələbə ailəsini böyük çətinliklə Şərur rayonuna aparır. Və elə bu ağır vəziyyət də onun Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyur. Sonralar Bakı Dövlət Universitetinin tibb fakültəsində oxuyur, burada dərs deyir. Azərbaycan Tibb İnstitutu yaradılandan bu İnstitutda çalışır, bir neçə il sonra həmin təhsil ocağının rektoru olur. Çox keçmir, Səhiyyə Komissarı təyin olunur. Bu vəzifədə ikən Azərbaycan səhiyyəsinin inkişafı, yüksək ixtisaslı həkim kadrların hazırlanmasında böyük işlər görür. Peşəkarlıq və təşkilatçılıq bacarığına görə irəli çəkilir, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olur. Əziz Əliyevin ictimai fəaliyyətinin böyük hissəsi Dağıstanla bağlıdır. Taleyin hökmü ilə bura gələn Əziz Əliyev 1942-ci ildən Dağıstana rəhbərlik edir. Böyük zəhmət və məsuliyyət tələb edən ağır dövrdə Əziz Əliyev faşizm üzərində qələbəyə, iqtisadiyyatın, mədəniyyətin, elm və təhsilin inkişafına böyük töhfələr verir. Dağıstanda insanlara təmənnasız xidmət ideyası da onun adı ilə bağlıdır. Bu səbəbdən də Əziz Əliyev iki qardaş xalqın sevimli övladı kimi insanların qəlbində və xatirəsində əbədiləşib. 110 illik yubileyinin Mahaçqalada qeyd olunması isə təkcə onun şəxsiyyətinə ehtiramın əlaməti yox, həm də iki xalq arasında mehriban qonşuluq münasibətlərinin təsdiqinə çevrildi.

Əziz Əliyev 1950-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilir. Ömrü boyu yüksək vəzifələrdə çalışan Əziz Əliyev qarşılaşdığı çətnliklərə baxmayaraq hər zaman xalqının rifahı və tərəqqisi üçün böyük fədakarlıqlar göstərib. Onun zəngin irsi bu gün də əhəmiyyətini itirməyən sanballı mənbədir.

Əziz Əliyev Azərbaycana, həm də gözəl övladlar bəxş edib. Atasının sənətini davam etdirən qızı, akademik Zərifə Əliyevanın, oğlu Tamerlan Əliyevin tibb elmindəki xidmətlərinin çəkisi hamıya bəllidir. Digər oğlu, akademik Cəmil Əliyev bu gün də səhiyyəmizdə böyük nüfuz sahibidir. Gülarə Əliyeva isə musiqini seçmişdi, Əməkdar İncəsənət Xadimi idi, özündən sonra “Dan ulduzu” instrumental ansamblını yadigar qoyub Azərbaycan musiqisinə. Və qismətə baxın ki, iyulun 27-si, həm də Gülarə Əliyevanın xatirə günüdür. Ata-bala təqvimin eyni günündə dünyaya əlvida deyiblər. Ruhları şad olsun!

Daha çox xəbərlər

Leave a Comment