Anomal havalar aqrar sahəyə necə təsir edir – ekspertdən açıqlama
Son günlər ölkə ərazisində havaların dəyişkən və şaxtalı keçməsi nəhayət, bir çox rayonlara qar yağması ilə nəyicələnib. Belə ki, aprel ayının 23-də hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Bəzi rayonlarda yağıntı aylıq normanın 50 faizinə bərabər olub.
Bəs, rayonlarda anomal hava şəraiti kənd təsərrüfatının ayrı-ayrı sahələrinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Musavat.com-a danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli bildirdi ki, mövsümün bu şəkildə dəyişməsi ciddi bir siqnal idi: “Hazırda yazlıq əkinlərin çox aktiv dövrüdür. Bir həftə əvvəl əkilmiş sahələrdən ilk çıxışları əldə etmişik, bitkilər çox körpədirlər, torpaqdan 1 sm baş qaldırıblar.
İlk növbədə pambıqçılıqla bağlı narahatlıq yaranıb ki, məhsuldarlıq azala bilər. Çünki bu tip texniki bitkilər ilkin yaz şaxtaları və anomaliyalara qarşı çox həssasdır. Bu zaman fermer üçün bir problem ortaya çıxır ki, həmin sahəni şumlayıb təkrar əkin aparmalıdır. Bunun da texniki və maliyyə xərcləri baha başa gəlir. Hazırda 18 rayonda yaz əkinləri aparılır. Fizulidən tutmuş Sabirabada, Nefçalaya qədər virtual monitorinq aparırıq, oradakı nümayəndələr tərəfindən də nəzarət olunur. Hələ ki, bu şaxtalar ciddi bir təhlükə törətmir. Son günlər baş verən yağıntı səbəbindən Aran rayonlarında yazlıq əkinlərdə hər hansı təkrar əkin aparılacağını düşünmürəm. Ancaq bu bugünəqədərki vəziyyətə aiddir. Ciddi bir təhlükə yoxdur. Əksinə atmosfer çöküntülərinin çökməsi yazlıq bitkilər üçün torpaqda nəmlik yaradır, onların inkişafını təmin edir. Həm də havanın kəskin isti olmaması, bu tip bitkiəlr üçün bir komfort vəziyyət yaradır”.
Dağlıq və dağətəyi rayonlarda qarlı-şaxtalı havanın müşahidə olunmasına gəlincə, N.Nəsirli vurğuladı ki, bunun meyvəçiliyə təsiri daha çoxdur: “Tumlu meyvələr var ki, onlar ilkin yaz dövründə çiçək açır və tozlanma prosesi gedir. Hər il olduğu kimi, bu il də ərik, şaftalı, gilənar, albalı, gilas kimi meyvələrin məhsuldarlığı üçün müəyyən təhlükələr yaradır. Həm yağıntının düşməsi , həm də şaxtalı havalar mənfi təsir edir. Ancaq bəxtimiz onda gətirib ki, qeyd etdiyim meyvələrdə artıq ilkin çiçəkləmə fazası çox geridə qalıb. Təsir göstərəcək, ancaq kəskin olmayacaq. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda belə bir problem də var ki, ilkin yaz dövrünün anomaliya ilə müşahidə olunması çəyirdəkli meyvələrə zərərdir. Məsələn, bir ağacın potensial məhsuldarlığı 250-300 kiloqramdırsa, anomaliya bu həcmə təsir göstərir. O meyvələr ki, gec yetişəndir, hələ çiçək açmayıb və may ayında çiçək açacaq, payızın ilin mərhələsində yetişəcək, onlar üçün bu çox komfort vəziyyətdir. Torpaqda su ehtiyatı yaradır. Ümumiyyətlə, biz bağçılıqda işləyən fermerlərə məsləhət görürük ki, bağda bu aylarda dəmgil xəstəliyi və dəmgil ailəsindən olan xəstəliklər, göbələklər, virus mənşəli xəstəliklər bağlarda aktivləşə bilərlər. Artıq bağlarda kimyəvi dərmanlama aparmalıdırlar, ilk növbədə dəmgil xəstəliyinə qarşı olmalıdır. Çünki rütubətli havalarda yayılma ehtimalı böyükdür. Daha sonra göbələk mənşəli xəstəliklər var ki, artıq yaz dərmanlamasına başlanmalıdır”.
Şaxtalı hava şəraitinin heyvandarlığa təsirlərindən danışan ekspert qeyd etdi ki, respublikamızda heyvandarlıq təsərrüfatları ilə məşğul olanlar çoxdur: “Qış mövsümünün kifayət qədər quraqlıq keçməsi, örüş-otlaq sahələrində ot örtüyünün formalaşmamasına səbəb olub. Mən deməzdim ki, ilkin yaz dövründə bu yağıntıları düşməsi ilə problem həllini tapacaq. Belə ümid edək ki, mütəmadi ortarılmayan otlaq sahələrində müəyyən ot örtüyünün yaranmasına səbəb ola bilər. Heyvanın özünün fizionomiyası, qəbul etdiyi qidaların həzmə getməsi üçün ilkin yazın sərin keçməsi çox yaxşıdır, süd verimliliyi artır. Amma örüş-otlaq sahələri sıradan çıxmış vəziyyətdədir və 3-4 gün yağış-qar yağması bu məsələni həll edəcək səviyyədə deyil”.
Nərgiz LİFTİYEVA,
Musavat.com

