“O məşhurlar yardım etmirlər, kişiliyi sındırırlar” – Nadir Qafarzadə
“Karantin günlərində əl-ayağa düşüb insanlara kömək edən artistlərdir, hər gün instaqramda söyülən də məşhurlardır. Deməli, çətin gündə söydükləriniz dadınıza çatır. Qapı-qapı düşüb səs yığan deputatlığa namizədlər haradadır? Yardım etməsələr də, insanlara mənəvi dəstək olsunlar, xoş münasibət göstərsinlər. Hər şey maddiyyatla ölçülmür. Mənəvi dəstək görəndə insanda həyat eşqi artır. Təkcə qarnı doldurmaqla iş bitmir, insana ruh yüksəkliyi vermək lazımdır”.
Bu sözləri Musavat.com-un suallarına cavab verən müğənni Nadir Qafarzadə deyib. Müğənni sosial şəbəkədə paylaşdığı videoda “Əxlaqsız dediklərinizi yardım paylayır deyə “kişi, mərd” adlandırırsınız” sözlərinə də aydınlıq gətirib:
“Əslində mən müğənnilərin, tanınmışların tərəfini tutmuşam. Zəng edib təşəkkür edənlər də oldu. 80 faiz məni düzgün başa düşdü. Hər gün min söyüş eşidən, arxasınca olmayan şəbədələr qoşulan müğənnilər xalqın yanındadır. Halbuki hazırda toylar yoxdur, qazana bilmirik. Pulu buradan alırıq, o tərəfdən ətrafımızdakılara kömək edirik.
– Siz sənət adamlarının tərəfini tutmuşdunuz. Sizi səhv başa düşən, sözlərinizi təhqir kimi anlayanlar oldumu?
– Başa düşən düşdü. Zəng edib təşəkkür etdilər. Başa düşməyənlər də oldu. Allah bizə bir baş, içində də ağıl verib ki, işlədək. İşlətmirlərsə, özləri bilər.
– Namiq Qaraçuxurlu dedi ki, ola bilər, bir ay sonra özünün yardıma ehtiyacı olsun.
– Mən yanvar-fevral ayı işləməmişəm. Bilirsiniz ki, o aylarda toy çox az olur. Martdan başlayır toyların qızğın vaxtı. Mart, apreldə də koronavirus gəldi, toylar, tədbirlər təxirə düşdü. İndi də Ramazan ayı başlayacaq. İyunda da virus məsələsi düzələcək, ya yox bəlli deyil. Müğənnilər ruzisini böləndir. Müğənnilərin tərəfini tutmuram, haqqı deyirəm. Namiq düz deyib, toylar olmasa, qazancımız olmayacaq. Bir çox sənət adamının maddi durumu çətinləşəcək.
– Sənət adamlarının sosial şəbəkədə yardım etdikləri insanların üzlərini çəkərək açıq-aşkar göstərmələri tənqid edilir. Sizin münasibətiniz necədir bu duruma?
– Mən də yardımlar edirəm, lakin insanların üzünü çəkib göstərmirəm. Kişilər əsasən bunu normal qarşılamır, qarşılamaz. Allah heç kimi ehtiyac içində qoymasın. İndi bu vəziyyət müvəqqətidir. Bunun sonrası da var axı, kişiliyi sındırmaq olmaz. Kişiliyi sındırırlar. Yardım etdikləri insanın üzünü çəkmək olmaz. Mən də çətinliklə yaşamışam, əyilməmişəm, sınmamışam, çalışmışam, vuruşmuşam və sonda bu günlərə çatmışam. Mən yardım edən zaman orada olan insanlardan bəziləri telefonla çəkirdilər, etiraz etdim, çəkmələrini istəmədim. Hazırda yaşadığımız günlər çətindir, amma keçəcək, müvəqqətidir. Hamısı geridə qalacaq. “İnstagram”da söydükləri insanların 30 manatlıq yardımına ehtiyac qalanlar var. Ona görə də heç vaxt sabahı bilmək olmur.
– Rəqsanə İsmayılova müğənniləri insanlara yardım etməməkdə günahlandırdı. Tünzalə Ağayevaya atmacalar atdı.
– Tünzalə bəlkə yardım edir, amma heç kimə göstərmir. Onunla yaxın olmasam da, münasibətim var. Tünzalə peşəkar, səviyyəli sənətçidir. O, ölkəmizi beynalxalq idman yarışlarında təmsil də edib. Xalq artisti adı da onun halalıdır. Yaddan çıxanlar ola bilər, onlar da gün gələcək bu ad ilə mükafatlandırılacaqlar. Rəqsanə də yaxşı, xeyirxah işlər görür. Həyat yoldaşı da ona qatılıb. Belə də ki, Rəqsanə 1000-2000 manat verərdi kiməsə, onun yerinə bu yardımları edərdi. Amma o özü qabağa düşüb, müxtəlif yerlərə gedərək yardımlar edir. Rəqsanə bəlkə də sonradan dediklərinə görə peşman olub. O anda hirsli olub, insandır, sinirləri dözməyib, ola bilər. Çılğın insanlardan qorxmaq lazım deyil, onların ürəyi təmiz olur. Tünzalə də ona belə pis cavab verməyib, deyəsən. Hər ikisi bizim əzizimizdir. Heç birinə yaraşdırmıram belə mübahisələri. Allah hər ikisinə yardımçı olsun.
– Bəs karantin günlərini necə keçirirsiniz?
– Dostumun bağındayam, Bakıda deyiləm. Hava gözəldir, çıxıb həyətdə dolaşıram. Evə getmək istəyəndə 8103-ə sms göndərib evə gedirəm, sonra geri qayıdıram. Şəhərdə qala bilmirəm, aurası mənə pis təsir edir. Bəzən hətta ağlayıram ki, Bakımızın küçələri niyə belə boş qalıb?
– Sizcə, koronavirus həyatımızda nəyi dəyişdi?
– Belə virusun olmasını təbii ki, heç kim istəmir. Amma koronavirusun müsbət tərəfləri də oldu. İşləyən analar, atalar indi övladlarına çox vaxt ayıra bilirlər. İnsanlar hazırda başa düşürlər ki, çətin durumda necə davranmaq lazımdır. Biz görünməz düşmənlə mübarizə aparırıq hazırda, sanki müharibədir, silahsız müharibə. Gözlə görmədiyimiz, tək olan virusla savaşırıq. İnşallah, ona qalib gələcəyik. Həmişə çalışıram ki, insanlar mehriban olsun. Bir-birimizin qeybətini qırmaq, ardınca danışmaq… Bu bizdə çoxdur. Filankəs pulu belə qazandı, onu aldı, belə elədi… Hər kəsin bir qisməti var. Bunu dəyişmək olmur. İnsan gərək qisməti ilə barışsın. Bu gün kimsə fəhləlik edirsə bunun səbəbkarı Nadir deyil, başqası deyil, Allahdır. O şəxsin qisməti budur. Kimsə əgər oliqarx, imkanlı biridirsə, onun da elə yaşamasında səbəbkar biz deyilik, qisməti elədir. Bəlkə də məni yenə düz başa düşməyəcəklər, amma həqiqət budur.
Onu da deyim ki, koronavirus insanları düşünməyə vadar elədi. Bu, insanların imtahanı idi. Bu günlə hər şey bitmir. İnsanlar bir-birini sevməyə, dəstək olmağa başladı. Biz ailəmizə necə bağlı olduğumuzu gördük, hamı bir-biri üçün narahat oldu. Sanki bütün insanlıq birləşdi. Amma vaxt gələcək bu günlər geridə qalacaq. Lakin biz yaşadıqlarımızdan dərs çıxarıb, yeni həyata başlamalıyıq.

