“Bələdiyyələrin bir çoxu rüşvətxorluqla, qanunsuz torpaq satmaqla və avaraçılıqla məşğuldur”- Hafiz Hacıyev
Xəbər verdiyimiz kimi İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov aztəminatlı ailələr üçün ayrılan yardımı və müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları ələ keçirməklə yanaşı öz yaxın qohumlarının adlarını formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olmuş, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Son dövrlər icra hakimiyyəti başçıları və onların nümayəndəliklərinin yol verdikləri qanun pozuntusunun sayı çoxalıb. İcra hakimiyyətlərinin bəzi səlahiyyətləri alınıb bələdiyyələrə verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, koronavirusdan insanlarımızı qorumaq üçün cənab prezidentimiz çox mühüm addımlar atır, qərarlar verir: “Ölkə başçısı çalışır ki, hər bir vətəndaşının yanında olaraq ona dəstək olsun. Dünən İsmayıllı şəhər nümayəndəsinin tutulması, bir neçə gün öncə İsmayıllı rayon İcra başçısına töhmət verilməsi xoşagəlməz haldır. Bəzi insanlar o qədər rüşəvətxorluğa və havayı yeməyə öyrəniblər ki, xalq yaddan çıxıb. Düşünürəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu cür insanlara qarşı düzgün addım atır. O cür insanların tutulması belə azdır. Ağstafa, Neftçala kimi rayonların icra başçıları tutulanda onların otağından nələr çıxdığını hər birimiz gördük. Onlar aztəminatlı ailələrin kartını ələ keçirərək onlara ayrılan vəsaiti yeyirlər. Tutulmaq belələrinə də azdır. Düşünürəm ki, bu cür insanlar sərt cəzalandırılmalıdır. Düşünürəm ki, bu sahədə ciddi tədbirlər görülməlidir. Çünki onlar milləti incidərək cənab prezident tərəfindən həyata keçirilən iqtisadi və sosial tədbirlərə kölgə salmağa çalışırlar. Xalqı incidənlərin əksəriyyəti həbs edilərək cəzalandırılmalıdır”.
Hafiz Hacıyev vurğulayıb ki, Azərbaycanda hələlik bələdiyyə inistitutları formalaşmayıb: “Onların elə də səlahiyyətləri yoxdur. Bələdiyyələrin bir çoxu rüşvətxorluqla, qanunsuz torpaq satmaqla və avaraçılıqla məşğuldurlar. Demək olar ki, bu gün bələdiyyələr heç bir iş görmürlər. Eləcə də icra başçıları. Koronavirus ərəfəsində bunların hamısı göründü. Post-pandemiya dövründə bəlli oldu kİ, onlar heç bir iş görmürlər. Bu işlərin başında duranlar bələdiyyələrdir, icra nümayəndələridir. Biz istərdik ki, dövlətimiz daha da çiçəklənsin. Ölkə başçısı tərəfindən atılan bütün addımlar xalq tərəfindən müsbət qiymətləndirilir”.

