Siyasət 

Fəzail Ağamalı: “Əvvəllər qanunsuzluqlara dair məlumatlar prezidentə qədər olan səviyyədə ört-basdır edilib”

Vəzifə səlahiyyətlərindən sui istifadə hallarına yol verərək, korrupsiya və rüşvətxorluqla məşğul olan icra başçılarının, eləcə də, digər dövlət məmurlarının həbsi prosesinin həyata keçirilməsi cəmiyyət tərəfindən alqışlanır. Artıq bu proseslər nazirliklərə, mərkəzi icra strukturlarına doğru yönəlib.

Belə bir dönəmdə sosial şəbəkələrdə gedən müzakirələrdə “bu qanunsuzluqları müvafiq qurumlar, şəxslər daha əvvəllər ölkə rəhbərliyindən necə gizlədə bilib” sualı da verilir.

Bu mövzuda Musavat.com-a danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı dedi ki, hər zaman cinayət əməllərinə yol verən məmurlara qarşı sərt tədbirlər görülüb: “Ölkə prezidentinin ortada birmənalı şəkildə iradəsi var. Hər zaman korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə ciddi önəm verib. Bunu öz fərHərəaliyyətində başlıca şərt kimi ortalığa qoyub. Ən müxtəlif dövrlərdə olan onun çıxışlarını, açıqlamalarını bir daha xatırlasanız, araşdırsanız, görəcəksiniz ki, ölkə rəhbəri hər zaman korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmağı vacib vəzifə hesab edib. Bununla bağlı müvafiq tapşırıqlarını, göstərişlərini verib. Ayrı-ayrı zaman kəsiyində konkret addımlar da atılıb. Xüsusi olaraq, xatırlayırsınızsa, ən böyük korrupsiya, rüşvətxorluğa qarşı mübarizə ilə bağlı atdığı sərt addımlar onun hakimiyyətinin ilk illərinə təsadüf edir. 2005-ci ildə Fərhad Əliyev və Əli İnsanova qarşı açılmış olan istintaq işlərində korrupsiya və rüşvətxorluq xüsusi önəm kəsb edirdi. Hakimiyyətdə ayrı-ayrı məmurlara qarşı bu cür tədbirlər həyata keçirilib. Düşünürəm ki, bu sistemli xarakter daşıyır. Təbii ki, son vaxtlar bunun daha geniş miqyas alması, açıq xarakter daşıması, dalbadal icra başçılarının əməllərində korrupsiya, rüşvətxorluq hallarının üzə çıxarılaraq, onlar haqqında həbs qətimkan tədbirinin həyata keçirilməsi, Mədəniyyət Nazirliyində o biabırçılığa son qoyacaq addımların atılması daha ciddi məqamlardan xəbər verir. Yeri gəlmişkən deyim ki, bu proses gedəcək və bundan sonra da davam edəcək. Buna qətiyyən şübhəm yoxdur. Görünən budur ki, bu cür əməllərin sahibləri haqqında məlumatı olan qurumlar ölkə rəhbərinə bu barədə məlumatları ötürməyiblər. Əksinə, onlar da rüşvətxorluq və korrupsiyanın içərisində yer alıblar”.

Deputat Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu proseslərdəki roluna da işarə etdi: “Nəzərə alaq ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədə ciddi rol oynayan Dövlət Təhlükəsizlik Xidməti uzun illər boyu bir qruplaşmanın əlində olub. Onun başında və önündə olan Eldar Mahmudov və ətrafı nəinki korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıb, bu cür məlumatları ölkə prezidentinə verib, əksinə bu qruplaşmanın içərisində olublar. Bununla bağlı kifayət qədər məlumatlar var. Bunu yenidən sadalamağa ehtiyac yoxdur. Digər səlahiyyətli qurumlar və onun başında duranlar buna o qədər ciddi əhəmiyyət verməyiblər. Nəticədə məlumatlar cənab prezidentə ötürülməyib. Məlumatlar prezidentə qədər olan səviyyədə ört-basdır edilib. İndi Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə Əli Nağıyev kimi peşəkar, dövlətə, ölkə prezidentinə çox sədaqətli  bir kadr gətirilib. Onun gəlişindən sonra tamamilə fərqli bir mənzərə ortalıqdadır. Əli Nağıyev bu qurumda rəhbərliyə gələndən sonra artıq situasiya dəyişdi. DTX-nın bütün strukturu fəal şəkildə öz işini daha yüksək səviyyədə davam etdirdi. Məlumatlar ciddi şəkildə mərkəzə ötürüldü. Əli Nağıyev tərəfindən bu məlumat ölkə başçısına məruzə edilir. Cənab prezidentin də bu baxımdan iradəsi ortalıqdadır. Dərhal konkret addımlar atılır. Diqqət edirsinizsə, bu əməliyyatların hər birinin video çəkilişləri olur.  Bunların hamısını DTX edir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə bütün hüquq mühafizə orqanlarının vəzifəsidir. Onların içərisində Dövlət Təhlükəsizlik Xidməti xüsusi yer tutur. Bu baxımdan hər kəs başa düşməlidir ki, indi artıq ölkədə gedən bütün mənfi və müsbət proseslər haqqında ölkə rəhbərinə dərhal məruzə olunur. Son vaxtlar hakimiyyətin yüksək pillələrinə gələn hər bir yüksək səviyyəli məmur əvvəlki tendensiya, iş prinsipi ilə qəti şəkildə işləmirlər. Artıq onlar sözün həqiqi mənasında dövlətə, dövlətçiliyə yüksək səviyyədə sədaqətlə xidmət etməkdədirlər. Bu xidmətin də təzahürlərindən biri son vaxtlar intensiv xarakter daşıyan yüksək səviyyəli məmurların yol vermiş olduqları cinayət əməllərinə görə barələrində cinayət işlərinin açılmasıdır. 2003-cü ildən bu günə qədər ölkə prezidenti dövləti gücləndirməyin, xalqın həyat səviyyəsini yüksəltməyin, ölkənin beynəlxalq səviyyədə nüfuzunun artmasının ən vacib şərtlərindən biri kimi rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparması oldu. İndi islahatların içərisində həm də kadr islahatlarının aparılması, bu cür eybəcərliyə qarşı prezident başda olmaqla komandanın mübarizəsinin ciddi nəticələrini ortalığa qoydu”.

Daha çox xəbərlər