Cəmiyyət 

Əhalinin sağlamlığının qorunması başlıca meyardır

Bəşəriyyətin üzərində dolanan qara bulud – koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların qlobal şəkildə qıtlığı yaşanırdı. Dünyada tibbi maskaya tələbatın kəskin artması nəticəsində istehsalçı ölkələrdə nəinki bu məhsulun, həmçinin istehsal avadanlıqlarının və xammalın ixracının dayandırılması müşahidə olunur. Belə ki, dünyanın əsas tibbi maska istehsalçısı olan Çin virusla mübarizənin pik dövründə həmin məhsul üçün digər ölkələrə üz tutmasına məcbur olmuşdu. Hazırda isə dünyanın ən iri iqtisadiyyatlara malik ölkələri belə tibbi maskaya olan kəskin tələbi idxal hesabına ödəməyə çalışırlar.

Belə bir kritik dönəmdə Azərbaycanda yerli istehsalın qurulmasını həm dövlətin, həm də milli sahibkarlığın uğuru hesab etmək olar. Ona görə ki, koronavirus infeksiyasına qarşı mübarizənin yeni başladığı zamanlarda ölkəmizdə mövcud olan apteklərdə tibbi maska çatışmazlığı əsas problemə çevrilmişdi. Azərbaycanda tibbi maska istehsalı yox idi. İnsanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu cür lazımi vasitələrin ölkəmizdə də istehsal olunması artıq zərurətə çevrilmişdi. Sevindirici haldır ki, özəl sektor təşəbbüs göstərərək və dövlətin çağırışlarına cavab verərək qısa müddət ərzində bu cür vəsaitlərin istehsalına başladı.

Xatırladaq ki, ötən ay Sumqayıt Kimya Sənaye Parkında ilk tibbi maska istehsalı müəssisəsi istifadəyə verilmişdi. Mayın 12-də isə “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılması artıq ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərəcək ikinci istehsalat sahəsidir. Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir. Bu müəssisələrin işə düşməsi, ilk növbədə, Azərbaycanda əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir. Artıq bütün bunlardan sonra bəzi məsuliyyətsiz vətəndaşların karantin qaydalarına əməl etməmələri, maska taxmamaları üçün heç bir bəhanə yeri qalmır.

Prezident İlham Əliyev Sumqayıtda tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı zamanı xalqa növbəti müraciətində qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində hazırda ölkəmizdə koronavirus pandemiyasının geniş vüsət almadığını vurğuladı, diqqəti dünyanın inkişaf etmiş ölkələrində gündən-günə artan xəstəlik və ölüm hallarına yönəldərək qeyd etdi ki, heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir: “Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır.”

Onu da qeyd edək ki, bu tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Burada, eyni zamanda, gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. Fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan bu müəssisə hesabına özünü maska ilə təmin edəcək və onun idxalına ehtiyac olmayacaq. Yəni, tibbi maska istehsalının inkişafına bu cür diqqət göstərilməsi koronavirusla mübarizə dövründə qıtlığı aradan qaldırmaqla yanaşı, Azərbaycanın bu sahədə idxaldan asılılığını aradan qaldırmağa imkan verəcək. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da mühüm rol oynayır.

Azərbaycan pandemiyanın yayılma təhlükəsinin hiss olunduğu ilk günlərdən həyata keçirilən qabaqlayıcı, çevik tədbirlərin əhatə dairəsini genişləndirdi. Ölkədə koronavirusa yoluxma hallarının üzə çıxarılması üçün müasir tibbi laboratoriyalar alındı, diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verildi. Görülən izolyasiya tədbirləri qlobal pandemiyanı nəzarətdə saxlamağa imkan verdi və yoluxmanın tempini aşağı saldı. Həmçinin xəstəliyin erkən aşkarlanması üçün xeyli sayda testlər edildi. Eyni zamanda, yoluxan insanların sağaldılması, karantin müddətində aztəminatlı, kimsəsiz və yaşı 65-dən yuxarı olan tənha insanlara yardım edilməsi, koronavirusun birbaşa təsir göstərdiyi sosial-iqtisadi sahələr dəstək proqramı çərçivəsində diqqətdə saxlanıldı. Dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayanması, bu strategiyanı qorumaq və uğurla davam etdirmək üçün görülən bütün tədbirlər pandemiyanın yaratdığı fəsadların azaldılmasında da önəmli rol oynadı. Nəticədə aylardır davam edən mübarizədən minimum itkilərlə çıxmağımıza zəmin yarandı. Başqa ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu o demək deyil ki, biz mövcud nailiyyətlərlə kifayətlənməliyik. Çünki unutmayaq ki, koronavirus yoxa çıxmayıb, hələ də var. Müəmmalı şəkildə qeyri-müəyyən vaxtadək də davam edəcək. Peyvəndi tapılana qədər bu problem mövcud olacaq.

Dövlətimizin başçısının rəhbərliyi ilə görülən bütün bu tədbirlər, eləcə də əhaliyə göstərilən diqqət və qayğı, şübhəsiz ki, öz müsbət təsirini göstərdi, koronavirusa kütləvi yoluxma hallarına yol verilmədi. Eyni zamanda, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verildi. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Müşahidələrə əsasən deyə bilərik ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra əhali arasında bir arxayınlaşma, laqeydlik nəzərə çarpır. Operativ Qərargahın gündəlik məlumatından isə təhlükənin hələ tam sovuşmaması, yoluxma hallarının davam etməsi aydın görünür. Karantin rejiminin qismən yumşaldılması vətəndaşlarda qətiyyən arxayınlıq yaratmamalıdır. Onlar mövcud vəziyyəti düzgün təhlil edib, davranışlarını bu yöndə müəyyənləşdirməlidirlər. Bu günlərdə hər birimizin unutmamalı olduğumuz əsas məqam odur ki, pandemiya ilə mübarizə təkcə dövlətin işi deyil, bu məsələnin tam uğurla yekunlaşması həm də cəmiyyətin hər bir üzvündən asılıdır. Dövlətimiz maksimum gücünü öz vətəndaşı yolunda səfərbər edib. Sosial amili prioritet istiqamət seçib. Belə olan halda isə hər bir vətəndaşın da borcudur ki, bu əməyə, etimada doğru dəyər versin. İndiki şəraitdə karantin rejiminin qaydalarına birmənalı şəkildə əməl olunması pandemiyaya qarşı mübarizədə ən əsas tələbdir. Dövlət başçısının və dövlət siyasətinin vətəndaşların rifahına, təhlükəsizliyinə və sağlamlığına yönəldiyi belə bir zamanda məsuliyyətsizlik və laqeydlik nümayiş etdirmək qətiyyən yolverilməzdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Daha çox xəbərlər