Milli Kitabxanada Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd edilib
ARANTV.AZ xəbər verir ki, Milli Kitabxanada Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqə həsr edilən tədbir keçirilib. Tədbirdə “Mikayl Müşfiq-110” elektron məlumat bazasının təqdimatı da olub.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiq milli folklordan, klassik ədəbi ənənələrdən layiqincə bəhrələnərək doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz şairdir. Onun dərin lirizmə malik poeziyası Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Mikayıl Müşfiqin 110 illiyinə həsr edilən tədbirdə Milli Kitabxanın direktoru Kərim Tahirov bildirdi ki, Mədəniyyət Naziliyinin dəstəyi ilə Milli Kitabxana tərəfindən biblioqrafiya tərtib edilib. Bu, görkəmli şair haqqında ilk fundamental biblioqrafiyadır. Mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyev Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətindən danışdı. Vurğuladı ki, bu sərəncama əsasən respublikada görkəmli şairin yubileyi təntənəli şəkildə keçirilir. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Şirindil Alışanlı və digər çıxış edənlər görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söz açdılar. Sonda Milli Kitabxana tərəfindən hazırlanmış “Mikayl Müşfiq-110” elektron məlumat bazası təqdim edildi.

