Sosial 

Leyla Şıxlinskaya karantindən danışdı: “Otelimdə aşpaz və gözətçimlə qalıram”

“Mart ayından Qubadayam, karantin bitənədək burada qalacağam. Ağac əkirəm, gülə, çiçəyə qulluq edirəm”.

Bunu Azvision.az-a Xalq artisti Leyla Şıxlinskaya karantin günlərindən danışarkən deyib.

Aktrisa bildirib ki, hazırda Qubadakı hotelində iki nəfərlə birlikdə özünütəcrid şəraitində yaşayır.

“Qubada balaca hotelim var. Mart ayından burada aşpaz və gözətçimlə qalıram. Övladlarımdan biri ailəsi ilə Moskvada, digəri isə Sinqapurdadır. Hotelin nə zaman açılacağı ilə bağlı insanlar tez-tez zəng edirlər. İzah edirəm ki, icazə veriləndə qapımız onların üzünə açılacaq. Mən də xalqımızın gəlib istirahət etməyini gözləyirəm, amma qanun əsasdır.

Təəssüf edirəm ki, yay belə keçir. İnsanlar isti havada çox əziyyət çəkirlər. Uşaqlar, hamilə qadınlar üçün evdə oturmaq çox çətindir. Onlar üçün narahatam. Kimin daha çox əziyyət çəkdiyini bilmirsən. Vəziyyət bir az kədərlidir. Ümid edirik ki, yaxın vaxtlarda virus bitər və hər şey dəyişər”.

Aktrisa karantin qaydalarına riayət etdiyini söyləyib:

“Karantini sakit keçirirəm, əsəbləşmirəm, gül-çiçəklə məşğul oluram. Ən əsası, gülümsəməyə çalışıram. Əsəb-stresdən uzaq durmaq lazımdır, bütün xəstəliklərin başında o durur. Hər səhər yuxudan duranda Allaha şükür edirəm ki, bu gün də sağam. Mən bu fəlsəfə ilə yaşayıram”.

Daha çox xəbərlər