Bu məkanların hələ də sirri açılmayıb
Yer kürəsində elə yerlər var ki, insan nəzərindən “yüksək hasarlarla” gizlədilib. Belə yerlər haqqında yalnız yayılan məlumatlardan öyrənmişik. Sizlərə dünyanın ən gizli məkanlarını təqdim edirik.
Maçu Piçu
Maçu Piçu indiyədək kəşf edilmiş ən qədim yaşayış məskənlərindəndir. 1911-ci ildə amerikalı tarixçi tərəfindən təsadüfən tapılmış qədim şəhər 1360 metr hündürlükdəki dağda müəyyən edilib. Ayrı-ayrı əraziləri 200-dən çox daş nərdivanla bir-birilə bağlı olmuş şəhər bu gün də normal vəziyyətdədir. Araşdırmalar zamanı məlum olub ki, sakinləri bu füsunkar yaşayış məskənini 1530-cu ildə tərk ediblər. Amma bunun səbəbi indiyədək bəlli deyil. Qədim kilsəsi, fəvvarəsi, kiçik hovuzları, qəribə mehrabları olan, sakinlərinin mükəmməl əmək alətlərindən istifadə etmədiyi şəhərdə bu cür əzəmətli daş tikililərinin necə inşa edildiyi sirr olaraq qalır. Həmin ildən bu günədək burada heç nəyə əl dəyilməyib və şəhər təbii vəziyyətində olduğu kimi qalmaqdadır. Tonlarla ağır daşların nə üçün dağın uca yerinə daşınması, şəhərin nə üçün məhz belə yüksəklikdə salınması, habelə sakinlərin hansı səbəbdən qısa müddət ərzində Maçu Piçunu tərk etmələri müəmmalıdır.
Vatikanın gizli arxivləri
Heç kim bilmir ki, Vatikanın sirli arxivində nələr saxlanılır. Uzun əsrlər boyu ora giriş qadağan olub. Yalnız 1881-ci ildən etibarən xüsusi seçilmiş şəxslər ora giriş əldə edə biliblər. Hesab olunur ki, orada dünyada hər şeyə aid sənədlər var. Təsəvvür edin səhifələrlə dolu olan rəflərin uzunluğu 83 km-dən çoxdur.
Müəmmalı metro
İlk öncə qeyd edək ki, bu yerin varlığı hələ sübut edilməyib. Ehtimallara görə, böyük dərinlikdə, Moskva metro xətti ilə paralel başqa tunellər də var ki, bura ilə Kremldən FTX-nin və Rusiya paytaxtının digər vacib müəssisələrinə getmək olar. Tikili Stalinin əmri ilə hazırlansa da, SSRİ-nin son dönəmlərində bu barədə məlumatlar yayılmağa başladı.
RAF Menvit Xill
İngiltərədə Kral HHQ-nə məxsus məxfi stansiya Birləşmiş Krallıqla Birləşmiş Ştatlar arasında rabitə və kəşfiyyat dəstəyini həyata keçirir. Elektron stansiyası ilk əvvəllər Sovet İttifaqından məlumatları toplamaq üçün istifadə olunurdu. Sovet İttifaqı artıq dağılıb. Lakin stansiya o vaxtdan bəri daha da inkişaf edir. Onun idarə olunmasını isə həm də ABŞ Milli Təhlükəsizlik Agentliyi həyata keçirir.
39 nömrəli otaq
Bu da varlığı sübut olunmayan yerlərdəndir. 39 nömrəli otaq Şimali Koreyada hökumət binasında yerləşir. Ümumiyyətlə, KXDR barədə nə isə dəqiq demək çətindir. Çünki ölkəyə bu gün də xaricilər üçün giriş demək olar ki, bağlıdır. Lakin otağın varlığı koreyalıların özləri üçün də müəmmalıdır. Deyilənlərə görə, orada amfetamin, saxta dollarlar hazırlanır, yeni növ silahlar sınaqdan keçirilir, hətta insanlar üzərində müxtəlif təcrübələrin aparıldığı deyilir.
Şimali Sentinel adası
Bu, həqiqətən də ilk insanların yaşadığı tək-tük yerlərdəndir. Rəsmi surətdə ada Hindistanın nəzarətindədir. Lakin sakinlərin faktiki sayı barədə məlumat yoxdur. Araşdırmaçılar onların 50-400 arası olduğunu deyirlər. Aborigenlər adaya istənilən müdaxiləni çox aqressiv qarşılayırlar və yaxınlaşan gəmini ox atəşinə tuturlar. Ehtimal edilir ki, sentinellər yığıcılıqla məşğuldurlar və bu günə kimi də od əldə edə bilmirlər.
Keymand-Qrandi adası
Braziliyada yerləşən Keymand-Qrandi adası girişin qadağan edildiyi ərazidir. Burada 1 kv.m sahəyə təxminən 5 zəhərli ilan düşür. Təxminən 430 000 kv.m sahəyə malik qayalı ada Braziliyanın San-Paulu ştatı sahilindən təxminən 35 km məsafədə yerləşir. İlanların çox olduğuna görə “İlanlar adası” adlandırılır. Adada bir insan belə yaşamır. Discovery Channel telekanalı tərəfindən nümayiş etdirilən sənədli filmə əsasən, qayıqla adaya yaxınlaşan zaman ilan topalarını müşahidə etmək mümkündür. Başlıca ilan növü ada botporsudur. Bu ilanın zəhəri siçanı iki saniyəyə öldürür. Adanın ziyarəti hazırda qadağandır. Bəzən xüsusi hallarda alimlərə adaya daxil olmağa icazə verilir. Adadakı yeganə konstruksiya mayakdır. XX əsrin əvvəlinə qədər burada nəzarətçi olsa da, mayak avtomatik rejimə keçdikdən sonra buna ehtiyac qalmayıb. Hazırda mayaka görə Braziliya Hərbi Dəniz Qüvvələri cavabdehdir.
Surtsey adası
Simvolik Surtsey adalar qrupunu bağlayır. İslandiya sahillərində yerləşən bu ada 1963-67-ci illərdə yerin dərinliklərindən vulkan püskürməsi nəticəsində yaranıb. İslandiya sərt ekoloji qanunları olan ölkədir. Yeni ada da onların yurisdiksiyasındadır. Bu adaya hətta alimlərin girişi qadağandır. Bununla belə, adada, öz təbiətinə xas olmayan bitki-pomidor tapılıb.
51-ci zona
Yüzlərlə kitabda, filmdə və kompyuter oyunlarında adı keçən bu məkan, yəqin ki, məxfilik simvoludur. Orada baş verənlər haqqında heç vaxt heç kim heç nə öyrənə bilməyib. Ən böyük versiya bu obyektdə UNO-ların və yadplanetlilərin öyrənilməsi, yeni növ silahların və uçuş aparatlarının sınağının keçirilməsidir. 51-ci zona Nevada ştatında, səhrada yerləşir.
Ford Noks
Amerika Birləşmiş Ştatlarının qızıl xəzinəsi. Fort Noks. Bu ad məşhur mədəniyyətdə təhlükəsiz ərazinin digər bir adıdır. “Amerika İstiqlal Bəyannaməsi” kimi çox vacib mənbələrin olduğu bu yerin giriş qapısı 22 tondur. Qapısının kodları sutka ərzində dəfələrlə dəyişdirilir. Divarları və qapısı nüvə bombasının partlayışlarına belə tab gətirəcək səviyyədədir. Dünyadakı ən təhlükəsiz tikili olaraq tanınan Kentukki ştatındakı Fort Noksa-Amerikanın Qızıl Xəzinəsinə daxil olmaq istəyirsinizsə, özünüzlə ordu gətirmək istəsəniz belə əbəsdir. Nəzərə almalısınız ki, qarşınızda 30 min nəfərlik ordu sizi gözləyir. Ərazi həm də bir hərbi baza halına gətirilib. ABŞ-dakı bu qızıl xəzinəsi bir çox oğruların iştahalarını qabartsa da, məkanın mükəmməl qoruma sistemi arzularını elə ürəklərində qoyur.
Samirə Tağıyeva,
“İki sahil”

