Gündəm 

“Əş-Şarq əl-Avsat” qəzetində “Azərbaycan – Qafqaz dağlarının qoynuna sığınmış kurortlar diyarı” adlı məqalə dərc edilib

ARANTV.AZ xəbər verir ki, Böyük Britaniyanın ərəbdilli “Əş-Şarq əl-Avsat” qəzetində “Azərbaycan – Qafqaz dağlarının qoynuna sığınmış kurortlar diyarı” adlı məqalə dərc edilib. Ölkəmizin turizm potensialından bəhs olunan yazida paytaxt Bakı Azərbaycanın qəlbi, Lənkəran – incisi adlandırılıb.

“Azərbaycan təkcə Qafqaz dağlarından Xəzər dənizinədək uzanan dövlətin adı deyil. O, həm də tarixi-mədəni irsilə seçilən bir coğrafi məkandır. 5 min ilə yaxın tarixi olan bu irs Azərbaycanı bu gün nadir turizm şedevrinə çevirir”. Məqaləsini bu sözlərlə başlayan müəllif Taha Əbdülvahid bildirilir ki, Azərbaycanda qədim saraylar və qalalar, Xəzər dənizi boyu uzanan gözəl sahil var. Yazıda ölkəmizin coğrafi mövqeyi barədə məlumat verilir. Qeyd olunur ki, Azərbaycan Avropa və Asiya arasında unikal kimliyini qoruyub saxlayan məkandır. Qədim Bakı isə ötən illərin xəzinələrindən xəbər verir. Bakını Azərbaycanın qəlbi adlandıran müəllif deyir ki, çoxlu tarixi məkanlara, əsrlərdən bəri formalaşan mədəni rəngarəngliyə malik bu şəhər son illərdə intibah dövrünü yaşayır. Bakı ən gözəl memarlıq örtüyünə bürünüb, maraqlı turizm istiqamətinə çevrilib. Şəhər hər kəsi keçmişin xəzinə və rəvayətlərilə yanaşı, indinin hekayətlərini kəşf etməyə həvəsləndirir. Taha Əbdülvahid yazır ki, Azərbaycanın döyünən ürəyi olan paytaxt Bakı qədim mərkəzi ilə tanınır. Məqalədə İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı haqqında dolğun məlumat verilir. Vurğulanır ki, qədimdən ticarət yollarının kəsişməsində yerləşən Bakıda karvansaralar mövcuddur. İçərişəhərdəki qədim hamamlar isə bugünədək qalmaqdadır. Jurnalist yazısında qeyd edir ki, aşkar edilən əşyalar insanın burada hələ tunc dövründən məskunlaşdığını göstərir, UNESCO isə İçərişəhəri və bir sıra tarixi abidəni Dünya İrsi siyahısına daxil edib. Məqalədə deyirlir ki, qədim İçərişəhərdə gəzintidən zövq aldıqdan sonra müasir Bakını dolaşmaq olar. Şəhərin göz oxşayan memarlığı, son  illərin inkişafı turistləri heyran edir.

“Bakı ilə yanaşı, Azərbaycanda unikal turizm imkanlarına malik digər şəhərlər də var”, deyən müəllif, bu xüsusda Naftalan şəhərini qeyd edir. Vurğulanır ki, şəhər dünyanın başqa heç bir yerində olmayan xidmət təqdim edir. Bu, neftlə bağlı xidmətdir. Regionun “Qara qızıl çeşməsi sağlamlığın açarıdır” şüarı altında fəaliyyət göstərən müalicəvi kurortları çox məşhurdur. Jurnalist oxucularına Naftalanın tarixi barədə də məlumat verir. Bildirilir ki, şəhər ötən əsrin əvvəlindən turizm istiqaməti kimi tanınıb. Neftlə müalicə kurortlarının açılması ilə burada turizm daha da inkişaf edib. Malik olduğu xüsusiyyətlərinə görə Naftalan nefti iltihabı sağaldır, ağrıları kəsir, qan dövranını yaxşılaşdırır. Müalicə pasiyentin neftlə dolu vanna qəbul etməsilə aparılır.

Taha Əbdülvahid yazır ki, “bir neçə gün neft vannası qəbul etdikdən sonra başqa aləmə – dağların və sıx meşələrin qoynuna, dəniz sahilinə yollanmaq faydalı olar”.

Azərbaycanın incisi – Lənkərana… Qeyd olunur ki, əsrlər boyu bu bölgə coğrafi mövqeyinə, Xəzər dənizi sahilindəki limanı olduğuna görə ticarətin mərkəzi sayılıb. “Bu gün o, daha çox füsunkar təbiətilə seçilir. Lənkəranın təbii landşaftında müalicə üçün istifadə olunan mineral su bulaqları da var. Məşhur plantasiyalardan yığılan çaydan bir stəkan içdikdə isə buraya səfərdən daha çox zövq alırsan”.

Daha çox xəbərlər