Gündəm 

Beynəlxalq dəniz daşımalarının artımında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının da payı var

ARANTV.AZ xəbər verir ki, Dəniz daşımaları qitələrarası daşımalar zamanı yüklərin çatdırılmasının əsas, bəzi hallarda isə yeganə üsuludur. BMT-nin ticarət və inkişaf üzrə konfransı-UNCTAD-ın məruzəsində bu barədə danışılıb. Vurğulanıb ki, ötən il beynəlxalq dəniz daşımalarının həcmi 4 faiz artıb. Dəniz  daşımalarının artımında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının da payı var.

BMT-nin ticarət və inkişaf üzrə konfransı-UNCTAD-ın məruzəsində göstərilir ki, keçən il beynəlxalq dəniz daşımalarının həcmində 4 faiz artım olub. Ötən il 10,7 milyard ton yükün yarısı dəniz nəqliyyatı vasitəsi ilə daşınıb. Beynəlxalq təşkilatın ekspertlərinin fikrincə dəniz daşımalarının həcmi bundan sonra da artacaq. Məruzə müəllifləri göstərirlər ki, keçən il həm ixrac, həm də idxal sahəsində qlobal dəniz ticarətinin 60 faizdən çoxunu inkişaf etməkdə olan ölkələr təmin edib. Dəniz daşımalarının inkişafına Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da öz töhfəsini verir. Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycan bu liman açılandan sonra dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Çinin təşəbbüsü ilə başlanmış “Bir kəmər – bir yol” meqalayihəsinin əsas layihələrindən biri hesab edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 21-ci əsrdə dünya ticarətinin və ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafına çox böyük təsir göstərəcək. Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Konteynerlərin aşırılmasında bu ildə böyük artım qeydə alınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr ayları ərzində 19 961 ədəd TEU ekvivalentində konteyner aşırılıb ki, bu da müvafiq dövr ilə müqayisədə 81,9 faiz artım deməkdir. Sərnişin daşınmasında isə  həm Qazaxıstan, həm də Türkmənistan istiqamətində 45,2 faiz artım qeydə alınıb. Limanın Abşeron Neft terminalında cari ilin yanvar-sentyabr aylarında 389,5 min ton xam neft və neft məhsulları daşınıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətdə 15,7 faiz artım deməkdir.  Kompleks həmdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükyığma məntəqəsi funksiyalarını yerinə yetirir.

Daha çox xəbərlər