Gündəm 

Bakıda ECOSAI-ın İdarə Heyətinin 23-cü, ECOSAI-ın Təlim Komitəsinin 18-ci toplantısı keçirilir

ARANTV.AZ xəbər verir ki, Bakıda Ali Audit Qurumlarının Birliyi – ECOSAI-ın İdarə Heyətinin 23-cü, ECOSAI-ın Təlim Komitəsinin isə 18-ci toplantısı keçirilir. İki günlük toplantıda qeyd olunub ki, üzv ölkələr ECOSAİ-ın himayəsi altında aparılan intensiv bilik və təcrübə mübadiləsi sayəsində Ali Audit Qurumları arasında mövcud münasibətləri gücləndirə və rifahın yüksəldilməsi naminə aparılan fəaliyyəti daha da təkmilləşdirə bilər.

“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumlarının Birliyi yarandığı gündən bu günədək böyük işlər görüb və öz məqsədlərinə nail olub”. Bakıda keçirilən ECOSAI-ın İdarə Heyətinin 23-cü, ECOSAI-ın Təlim Komitəsinin isə 18-ci toplantısını açan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tədbirin məqsədi, mövzusu barədə məlumat verdi, ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətindən danışdı.

ECOSAI-ın, eləcə də, Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Seyit Ahmet Baş bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə ölkəmizə minnətdarlığını bildirdi. Belə bir yüksək təşkilatçılığı Azərbaycanın uğurlarının bariz nümunəsi kimi xarakterizə etdi. İclasda ECOSAI-ın Baş Katibinin 2017-2018-ci illər üzrə fəaliyyət hesabatı təqdim olundu. ECOSAI-ın Təlim Komitəsinin 18-ci toplantısına həsr olunan iclasda isə Təlim Komitəsinin hesabatından sonra ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında Pakistan Ali Audit Qurmunun məlumatı dinlənildi, bu sahədəki yeniliklər barədə məlumat verildi. Pakistan Ali Audit Qurumunun baş auditoru Cavid Cahangir, Əfqanıstan Ali Audit Qurumunun baş auditoru Muhəmməd Şərif Şərifi və digərləri çıxış edərək kənar dövlət maliyyə nəzarəti ilə bağlı mühüm nəzəri və praktik məsələlər üzrə fikirlərini bildirdilər. 1994-cü ildə yaradılmış ECOSAI təşkilatının əsas məqsədi üzv ölkələrin Ali Audit Qurumları arasında bilik və təcrübə mübadiləsi, seminar, konfrans, praktik məşğələlər və təlim kurslarının keçirilməsi ilə dövlət sektorunda auditin inkişafına xidmət etməkdir.

Daha çox xəbərlər