Sosial 

Sosial şəbəkələrdə dəllallıq etmək kimlər üçün sərfəlidir?

Sosial şəbəkələrin cəmiyyətdə yaratdığı ajiotajlardan, narahatlıqlardan dəfələrlə yazmışıq. Ancaq təəssüf ki, nəzarətdən kənarda qalan bu sahə cəmiyyətdə narahatlıq yaratmaqda davam edir. Panika həvəskarları saytlarda hətta tanınmış adamların ölümü barədə yalan məlumat verməkdən belə çəkinmirlər. İş o yerə çatıb ki, sadə insanlar belə şaiyə yayanlara öz etiraz səslərini ucaldırlar. Yalançı saytlardan birinin təmsilçisini divara dirəyib nə üçün belə çirkin işlə məşğul olduqlarını soruşanda heç utanmadan cavab vermişdi ki, reytinqimizi qaldırmaq üçün edirik.

Bu günlərdə Əməkdar artist  Bəhram Bağırzadənin barəsində yayılan acı xəbərdən çoxları heyifsiləndiyini, təəssüfünü və təəccübünü gizlətmədi. Çox keçmədi ki, bu xəbərin də yalan olduğu aşkara çıxdı.

Əməkdar artist Tahir İmanov “İnstaqram”da aparıcılıq etdiyi “Planet Parni iz Baku” komandasının 2+1=4 layihəsinin canlı yayımında Bəhram Bağırzadə haqqında ölüm xəbəri yayanları sərt tənqid edib.  Bildirib ki, Bəhram Bağırzadə haqqında sosial şəbəkədə yazıblar ki, “Özünü xəstəliklə reklam edənin hekayəsi… Xəstəlik tutur, test pozitiv göstərir, xəstəxana, ailəsi, özü təsdiqləyir və axşam nə isə olur, testin cavabı neqativ olur. Ayıbdır. Pərəstişkarlarımızdan xahiş edirəm ki, belə şərhləri görəndə dərhal cavab versinlər. Sizin dəstəyinizə ehtiyacımız var. Bu günlərdə çox pis şayiələr gəzir, guya Bəhram Bağırzadə dünyasını dəyişib. Birincisi, Bəhram Bağırzadə sağ-salamatdır,  onu gözəl həkimlər müalicə edirlər. Və Allahın köməyi ilə Bəhram ən yaxın zamanlarda sıralarımıza qayıdacaq. Və özü həmin insanların cavabını verəcək”.

Qeyd edək ki, Bəhram Bağırzadə koronavirus diaqnozu ilə  iyunun 13-də Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Aktyor dostunun da dediyindən məlum olur ki, o, həkimlərin ciddi nəzarəti altında müalicə olunur və yaxın vaxtda sağalıb fəaliyyətinə  davam edəcəkdir.

Yadımızdan çıxarmamalıyıq ki, heç kəs qəfil xəstəlikdən və hər hansı qəzadan sığorta olunmayıb. Ancaq sağ-salamat insana başsağlığı vermək isə qeyri-insani və qeyri-əxlaqı münasibətdir.  Haqqında vəfat edib deyilən adamların ailəsi, qohumları, dostları sarsıla , heç nədən ağır xəstəlik tapa, digər xoşagəlməz hadisələr baş verə bilər.

Bu gün mətbuatdan xəbəri olmayanların ağıllarına gələnləri yazmaları, danışmaları və bu cəfəngiyyatları tirajlamaları təhlükəli meyllərin yaranmasına gətirib çıxarır. Çünki biri “quyruqlu yalanı” ortaya atan kimi o birilər də onun düzgünlüyünü  yoxlamadan cəmiyyətə sırımağa, “reytinq” və pul qazanmağa çalışırlar. Bu, cinayətə aparan məsuliyyətsizlik və adamların heysiyyatına toxunmaqdır. Belə çirkin işlərlə məşğul olanlara qarşı hamılıqla mübarizə aparmaq, onların məsuliyyətə cəlb olunmasına,  şər və yalan yuvasının qapanmasına nail olmalıyıq. Yoxsa qulaqlarımız belə yalanları hələ çox eşidəcək.

Vəli İlyasov,

“İki sahil”

Daha çox xəbərlər