“Ermənistandan fərqli olaraq Azərbaycan heç zaman mülki obyektlərin hədəfə alınması barədə düşünməyib”
Ermənistandan fərqli olaraq Azərbaycan heç zaman mülki obyektlərin hədəfə alınması barədə düşünməyib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın guya Ermnənistanın Metsamor AES-ni hədəfə alması barədə Ermənistan tərəfinin yaydığı dezinformasiyaya münasibət bildirərkən deyib.
H.Hacıyev bildirib ki, Ermənistan tərəfi qəsdən belə dezinformasiya yayaraq bu məsələni siyasiləşdirməyə çalışır. O bildirib ki, Azərbaycan tərəfi heç zaman mülki obyektləri hədəfə almaqla bağlı fikir səsləndirməyib: “Ancaq Ermənistan tərəfi dəfələrlə Azərbaycanın Mingəçevir su anbarını, neft-qaz boru kəmərlərini, Azərbaycanın şəhərlərini vurmaqla bağlı təhdid dolu bəyanatlar səsləndirib.
Bütün bunlar Ermənistanın hərbi siyasi rəhbərliyinin məkrli məqsədini göstərir. Ermənistan tərəfi bu cür məsələlərlə öz cinayətlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa cəhd edir”.

