18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
ARANTV.AZ xəbər verir ki, 27 il əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Bu gün müstəqil Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq dünyada böyük nüfuz və söz sahibinə çevrilib.
XX əsrin sonlarında dünya siyasi mənzərəsində hökm sürən yeni tendensiyalar fonunda Sovetlər Birliyi dünya xəritəsindən silindi. Müstəqil dövlətlərin meydana gəlməsi üçün tarixi zərurət yarandı və 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Əslində, Azərbaycanda müstəqil dövlət quruculuğu, hələ Sovetlər Birliyinin dağılmasına bir il qalmış Ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi dönəmlərdən başlamışdı. 1990-ci il noyabrın 17-də Az-n Demokratik Respublikasının üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması və anoloji qərarın qəbulu üçün Azərbaycan Ali Soveti qarşısında vəsadət qaldırılması da bunun əyani nümunəsidir.
Mürəkkəb geosiyasi şəraitdə müstəqillik əldə edən Azərbaycan erməni separatizmi və ölkədaxili xaosla üzləşmişdi. 1993-cü il iyunun 4-də Gəncədə baş verən hadisələr Azərbaycanı vətəndaş müharibəsi və dövlət müstəqilliyini real təhlükə qarşısında qoymuşdu. Belə ağır dönəmdə milyonların təkidi ilə siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanın taleyindəki nigarançılığa son qoydu, ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtardı. 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi və 15 iyun tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Heydər Əliyev qarşıya çıxan bütün sədləri yardı, qısa vaxtda müstəqil dövlətçilik konsepsiyasını formalaşdırdı. 1993-cü ilin oktyabrında prezident seçkilərində xalq yekdilliklə Heydər Əliyevi Azərbaycanın Prezidenti seçdi. Ulu öndər Heydər Əliyev dövlət quruçuluğu prosesində ordunu əsas amil hesab edirdi və bu sahədə vacib islahatlar apardı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail oldu. 1994-cü ilin sentyabrında isə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan iri beynəlxalq layihələrə qoşuldu, sabit inkişaf yoluna çıxdı, müstəqil dövlətin qanunverici oqranı olan Milli Məclisə ilk seçkilər keçirildi, 1995-ci il noyabrın 12-də Heydər Əliyevin memarı olduğu ilk Konstitusiya qəbul olundu, ölkəmizdə senzura ləğv edildi. 2001-ci ildə isə Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu.
2003-cü ildən sonra 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində yenidən inamlı qələbə qazanan İlham Əliyev prezidentliyi dövründə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirdi. Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizm, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. Ölkəmizdə söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin ötən dövrdə medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar deyilənləri bir daha təsdiqləyir.
Ölkənin iqtisadi inkişafının təmin olunmasını əsas vəzifələrdən birinə çevirən dövlət başçısının fəaliyyəti nəticəsində nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirildi, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan, uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP boru kəməri rəsmən fəaliyyətə başladı. “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2050-ci ilə qədər uzadıldı. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində işlərə başlandı. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrildi. Bunu Avropa və Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin uğurla başa çatdırılması da təsdiqləyir. Bundan əlavə, ölkəmizi qonşu dövlətlərlə birləşdirən yeni magistral yolları tikildi. Xəzərdə ən böyük Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb. Bakıda bölgənin ən böyük Gəmiqayırma zavodu inşa olunub. Paytaxt da daxil olmaqla bölgələrdə 7 hava limanı yenidən qurularaq istifadəyə verilib. Azərbaycan hava yollarının təyyarə parkı tamamilə yenilənib.
Azərbaycan, eyni zamanda regionda elektrik enerjisi ixracatçısına çevrilib. Ölkədə Nəhəng Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi icra edilib, Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu inşa olunub.
Müstəqillik illərinin ən böyük uğurlarından biri də Azərbaycanın kosmik sənayesinin sürətli inkişafı, ölkəmizin adının azsaylı kosmik ölkələr sırasında yer almasıdır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulub. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə buraxılıb. Bunun ardınca Yer səthini müşahidə edən “Azersky”, 2018-ci ilin sentyabrında isə “Azerspace-2” peyki orbitə çıxarılıb.
Azərbaycan iqtisadiyyatı ayrı-ayrı sahələr üzrə dəfələrlə artıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı yerdə qərarlaşdırıb, “İnklüziv inkişaf indeksi”ndə isə ölkəmiz 3-cü yerdədir. Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyevin xidmətləri sayəsində ölkədə müasir texnologiyaların tətbiq olunduğu çoxsaylı istehsal yönümlü müəssisələr açılıb, sənayeləşmə siyasəti çərçivəsində regionlarda yeni sənaye zonaları yaradılıb. Ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. Minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi tikilib. Ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib. Regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları sayəsində Azərbaycanın bölgələri daha da çiçəklənib. Turizmin inkişafı ilə bağlı kompleks tədbirlər görülüb, paytaxtda və bölgələrdə 5 ulduzlu otellərin tikilib istifadəyə verilməsi geniş vüsət alıb, ölkəmizə turist axınını gücləndirmək üçün Asan Vizanın tətbiqinə başlanıb.
Dövlət başçısının təşəbbüsü ilə ənənəvi kənd təsərrüfatı sahələrinin genişləndirilməsi istiqamətində görülən işlər ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə artırıb. Ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb, dövlət orqanlarının əhaliyə göstərdiyi xidmətləri vahid sistemdə birləşdirən və dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzləri yaradılıb.
Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri də qüdrətli Orduya sahib olmasıdır. Hazırda dünyanın ən güclü 50 ordusu sırasında olan Azərbaycan Silahlı Qüvvələri möhtəşəm qələbələrə imza atır. 2016-cı il aprelində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuzun əks-hücuma keçərək Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının iki min hektar ərazisini işğaldan azad etməsi, 2018-ci ildə isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisini düşmən nəzarətindən çıxarması dediklərimizi bir daha təsdiqləyir.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda Azadlıq meydanında keçirilən təntənəli hərbi parad, paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayişi də Milli Ordumuzun qüdrətini bir daha göz önünə gətirdi. Sentyabrın 15-də paytaxtımızda, Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad da müstəqil Azərbaycanın dünyanın ən müasir və güclü Orduya sahib olduğunu göstərdi.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini hər zaman qoruyub saxlayıb. O, dəfələrlə bəyan edib ki, “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcək.
Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb, onun beynəlxalq nüfuzu yüksəlib. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul olunub. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Bu nəticənin əldə olunmasında ölkəmizin dünyada formalaşdırdığı müsbət imicin, Azərbaycana olan inam və etimad böyük rol oynayıb.
Multikulturalizm və tolerantlıq ənənələrinin yaşadılması da müstəqil Azərbaycan dövlətinin hər zaman diqqət mərkəzindədir. Bu gün dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan, məhz bu keyfiyyətləri ilə Roma Papası Fransiskin Bakıya səfərini şərtləndirən Azərbaycan nüfuzlu beynəlxalq forumların keçirilmə məkanına çevrilib.
Bu gün Azərbaycan həm də idman ölkəsi kimi tanınır. İdmançılarımız sonuncu Rio Olimpiyadasında 18 medal qazanmaqla tarixi rekorda imza atıblar. Azərbaycan, 2015-ci ildə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. 2016-cı ildən etibarən Bakıda hər il ümumi auditoriyası 500 milyon nəfərdən çox olan “Formula 1” yarışları təşkil edilir. Xalqımızın keçdiyi tarixi mərhələlər, milli ideologiyamızın əsas prinsipləri bu gün Azərbaycan dövlətinin yürütdüyü siyasətdə tam mənası ilə ifadə olunub. Bunun təməlində isə qədim tariximizə, şanlı keçmişimizə, zəngin mədəni irsimizə və əlbəttə ki, ana dilinə, ədəbiyyatına olan məhəbbət dayanıb. Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir, ölkəmizi təbliğinə xidmət edir. Musiqimizin təməl daşı olan muğam artıq dünya musiqisinə çevirilib. 2012-ci ildə Bakıda keçirilən beynəlxalq “Evrovijn” mahnı yarışmasının uğurlu təşkili göstərib ki, ölkəmizin malik olduğu mədəni dəyərlər millətlərin və xalqların maraq dairəsindən heç vaxt çıxmayıb və son illərin Azərbaycanı bu qənaəti daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər ərzində keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq böyük naliyyətə imza atıb. Məhz Prezident İlham Əliyevin xidmətləri sayəsində ölkəmizin müstəqillik dayaqları daha da möhkəmlənib, Azərbaycanın əldə etdiyi uğurlar, nümayiş etdirdiyi qətiyyət sübut edib ki, xalqımız müstəqil yaşamağa və öz dövlətçilik ənənələrini qoruyub saxlamağa qadirdir, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır.

