Cəmiyyət 

DOST Agentliyi və mərkəzləri əhalinin məmnunluğunu təmin edəcək

ARANTV.AZ xəbər verir ki, yaxın vaxtlarda strukturu 11 addım üzrə müəyyənləşən “Dayanıqlı və Operativ Sosial Təminat” – DOST layihəsinin Konsepsiyası hazır olacaq. Milli Məclisin Əmək və sosial siyasət komitəsində bu istiqamətində görülən işlərə həsr olunan dinləmədə o da bildirilib ki,  2019-2020-ci illərdə paytaxtdakı mərkəz və agentliyin sayı 5-ə çatdırılacaq.

Yeni yaradılacaq Dayanıqlı və Operativ Sosial Təminat – DOST  Agentliyi və mərkəzləri əhalinin məmnunluğunu təmin edəcək. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılan DOST Agentliyi və mərkəzləri ölkəmizdə məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində idarəçilik və əhaliyə xidmətlər sisteminin innovativ  əsaslar üzərində inkişafına, tam keyfiyyətli mərhələyə daxil edilməsinə hesablanıb. “DOST” mərkəzləri əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərin “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda, bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim etməyə imkan verəcək. “DOST” mərkəzinə müraciət edən vətəndaşın hansı sosial təminat növü ilə təmin edilmək hüququnun olub-olmadığı elektron məlumat bazalarında onunla bağlı məlumatların operativ araşdırılması nəticəsində dərhal müəyyənləşəcək. Belə bir hüquq yarandığı halda vətəndaş elə mərkəzdəcə aidiyyəti sənədləri təqdim etməklə təyinat aparılacaq və müvəkkil banka onun üçün ödəniş kartı sifariş olulanacaq. Yaxud işsiz və işaxtaran şəxsə mərkəzdə onun üçün bütün mümkün məşğulluq xidmətləri təqdim ediləcək və seçiminə uyğun təminat həyata keçiriləcək. Həmçinin reabilitasiya, sosial sığorta münasibətləri, sosial xidmətə cəlbolunma və digər sahələr üzrə belə xidmətlər göstəriləcək. “DOST” mərkəzlərində müvafiq sahələr üzrə sənədlər çevik şəkildə hazırlanaraq fiziki və hüquqi şəxslərə təqdim olunacaq. Bu mərkəzlərdə vətəndaşlar müvafiq sahələr üzrə xidmətlər barədə məlumatlara asan şəkildə çıxış imkanları da əldə edəcək, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi və müraciət edən vətəndaş üçün rahatlığı ilə seçiləcək. Milli Məclisin Əmək və sosial siyasət komitəsində DOST Agentliyinin və mərkəzlərinin yaradılması ilə bağlı görülən işlərə həsr olunan dinləmədə məlumat verildi ki, artıq bu istiqamətdə qiymətləndirmə apaırlıb və mövcud çətinliklərin aradan qaldırılmasının yol xəritəsi müəyyənləşib. Nazirlik tərəfindən layihənin icra və işçi qrupu yaradılıb. İşçi qrupuna yerli mütəxəssislərlə bərabər xarici ekspertlər də cəlb olunub. Yaxın zamanlarda strukturu 11 addım üzrə müəyyənləşən DOST layihəsi Konsepsiyası hazır olacaq. DOST mərkəzi ilkin olaraq pilot layihə formasında Bakının Yasamal və Səbail rayonlarında reallaşdırılacaq. Bunun üçün inzibati bina da inşa olunr. 2019-2020-ci illərdə paytaxtdakı mərkəz və agentliyin sayı 5-ə çatdırılacaq. Paytaxtla yanaşı, bu iş regionlarda da həyata keçiriləcək. Ümumiyyətlə, 2019-2025-ci illərdə ölkədə 30 mərkəzin açılması gözlənilir. Könüllülərin cəlb oluncağı “Gənc DOST” Proqramı da həyata keçiriləcək. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, sosial sahədə aparılan belə islahatlar, əhaliyə göstərilən sosial xidmətlərinin keyfiyyətinin artırılması dövlətin vətəndaşa göstərdiyi yüksək diqqət və qayğısını bir daha təsdiqləyir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli millət vəkillərinin suallarını cavablandıraraq diqqətə çatdırdı ki, bu sahədə aparılan islahatlar davamlı olacaq.

Daha çox xəbərlər