Bərdədə mübahisə qanlı bitdi: Ölən və yaralananlar var
Ötən gün Bərdə rayonunda kütləvi dava olub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə Şorəlli kəndində baş verib.
Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu vəfat edib. Üç nəfər isə yaralanıb. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, dava tərəflər arasında yaranmış mübahisə zəminində baş verib.
Hazırda cinayəti törədən şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində Bərdə Rayon Prokurorluğunun və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparır.

