Sosial 

Xalqımızın həmrəyliyinə kitabxana işçilərinin töhfəsi

İyulun 14-də Azərbaycanda soydaşlarımızın, xaricdə yaşayan həmvətənlərimizin isə məskunlaşdıqları ölkələrdə nümayiş etdirdikləri sarsılmaz həmrəylik sübut etdi ki, xalqımızın vətənpərvərlik hissi ən yüksək səviyyədədir. Qeyd etmək lazımdır ki, bu birliyin və yekdilliyin təmin olunmasında  kitabxana işçilərinin də töhfəsi böyükdür. Nümunəvi mədəniyyət müəssisələrindən biri olan Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) kollektivi bu istiqamətdə təqdirəlayiq işlər görməkdədir. Gənclik şəhərində yeni nəslə-yeniyetmələrə və uşaqlara hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması daim diqqət mərkəzində durur.  Sumqayıt Şəhər MKS-nin direktor müavini Gülnaz Səfərova ilə söhbətimizdə müsahibim bildirdi ki, müəssisənin kollektivi bu məsələyə doğma münasibət bəsləyir.

Gülnaz Səfərova vurğuladı ki, iyul ayının 12-də işğalçı Ermənistanın Tovuz bölgəsində törətdiyi təxribatın, artilleriya həmlələrinin qarşısının alınmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti kitabxana işçiləri tərəfindən əhali arasında geniş təbliğ edilir. Həm də bu təbliğat müxtəlif maraqlı tədbirlər vasitəsi ilə həyata keçirilir. İgid generalımız Polad Həşimovun, polkovnik İlqar Muradovun, 2016-cı ilin aprel döyüşlərində həlak olmuş polkovnik Raqub Orucovun və başqa qəhrəmanlarımızın həyat və döyüş yolları barədə kütləvi tədbirlər təşkil edirik.

MKS-nin Gənclər və Əliağa Vahid adına kitabxanalarının  keçirdikləri  “Murov qartalı” əsərinin müzakirəsi tədbir iştirakçılarının yaddaşında uzun müddət yaşayacaqdır. Bu tədbirlərin təşkilatçıları həmin  kitabxanaların müdirləri Dona Eminova və Rəna Xələfova xüsusi fəallıq göstəriblər.

G. Səfərova bildirdi ki, Nizami Gəncəvi adına kitabxana-klubun əməkdaşı Səadət Allahverdiyevanın hazırladığı “Vətən mənə oğul desə…” adlı videoçarx tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı: “Maraqlı faktdır ki, tədbirlərimizdə iştirak edən fəal oxucumuz Firuzə Eynullazadə şəhid generalımız Polad Həşimovun portretini ürək yanğısı ilə yaradaraq qəhrəman hərbçimizin ailəsinə bağışladı və bu münasibətlə keçirilən görüşdə igid zabitə həsr olunmuş şeir də ifa etdi. Qəhrəmanın ailəsi ilə görüş yaddaqalan oldu.”

Direktor müavini vurğuladı ki, kitabxana işinin bir göstəricisi əhalinin kütləvi tədbirlərə cəlb olunmasıdır. Ancaq təəssüf ki, hələ də davam edən pandemiya dövründə yığıncaqlar və  kütləvi tədbirlər keçirilmir və təşkil edilən müzakirələr və söhbətlər yalnız onlayn qaydada reallaşır. Bu, kütləviliyə mənfi təsir göstərsə də əlimiz işdən soyumur və əksinə, işin intensivliyini artırmaqla günün tələblərilə ayaqlaşmağa çalışırıq.

Həmsöhbətim xüsusi vurğuladı ki, hər mənada qaynar iyul günlərində Sumqayıtda hətta uşaq və yeniyetmələr belə əllərinə Azərbaycanın və Türkiyənin ay-ulduzlu bayraqlarını alaraq meydanlara, küçələrə axışdılar, ordumuzla birlik nümayiş etdirdilər. Onların bir çoxu onlar üçün tikilmiş hərbçi paltarı geyinmişdilər. Bu tədbirlərin gedişində kitabxana işçiləri Azərbaycan Silahlı Qüvvələri ilə bərabər, qardaş Türkiyə Silahlı Qüvvətlərinin də qüdrətini, çətin günlərimizdə həmişə bizimlə birgə olmasını vurğulayır, onlara hörmət və məhəbbət hissləri aşılayırlar. Bu ilin iyul günlərində Türkiyə ordusunun hissələrinin Naxçıvana gəlməsi hamımızın qəlbini qürur hissi ilə doldurdu.

Sonda Gülnaz Səfərova bildirdi ki, gördüyümüz işlərin fərəhli nəticəsi biz kitabxana işçilərini çox sevindirir: “Soydaşlarımızda vətənpərvərliyin gücləndirilməsində bizim də əməyimiz olduğu üçün fərəhlənirik. Düşünürük ki, üzərimizə düşən ən vacib  bir vəzifənin öhdəsindən ləyaqətlə gəlmişik.”

Daha çox xəbərlər