Parisdə Azərbaycan şərablarının dequstasiyası olub
ARANTV.AZ xəbər verir ki, “Azərbaycanda bütün sahələr kimi üzümçülük də dövlətin diqqətindədir. Bu amil Azərbaycanda şərabçılığın sürətli inkişafına zəmin yaradır”. Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının Parisdəki baş ofisində keçirilən Azərbaycan şərablarının dequstasiyası zamanı təşkilatın baş direktoru Jan-Mari Oran belə deyib.
“Münbit təbii şəraitlə yanaşı, özəl sektora dövlətin diqqəti Azərbaycanda şərabçılığın inkişafı üçün əlverişli şərait yaradır. Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Jan-Mari Oran Parisdə Azərbaycan şərablarının dequstasiyası zamanı belə dedi. O, Azərbaycana səfəri və Gəncə şəhərində keçirilən “Şərab Festival”ından da danışdı.
Kənd Təsərrüfat naziri İnam Kərimov Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri haqqında məlumat verdi. Qeyd etdi ki, şərabçılıq rentabelli sahədir və ölkəmizin kənd təsərrüfatı məhsulları təbii xüsusiyyətlərinə və keyfiyyətlərinə görə rəqabətədavamlıdır. Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılmasını sürətləndirmək məqsədilə ölkəmizlə Beynəlxalq üzümçülük və Şərabçılıq təşkilatı arasında əməkdaşlıq daha da genişləndiriləcək. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev dedi ki, Azərbaycandakı sabit iqtisadi artım tempi xarici investisiyaların cəlbində həlledici amildir. Tədbir çərçivəsində “EXPO 2025” sərgisinə Bakının namizədliyi ilə bağlı videoçarx nümayiş olundu. Qonaqlar Azərbaycan şərablarını dadmaq imkanı da əldə etdilər. Distribyutor şirkətlərin nümayəndələri, şərabçılıq üzrə mütəxəssislər Azərbaycan istehsalı olan məhsulların keyfiyyətini yüksək qiymətləndirdilər.

