Dünyanın ən ağıllı humanoid robotu – Sofiya “ASAN Xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib
ARANTV.AZ xəbər verir ki, dünyanın ən ağıllı humanoid robotu – Sofiya “ASAN Xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib. Ötən gün İmişlidə “ASAN Həyat” kompleksində Prezident İlham Əliyevlə söhbət edən Sofiya ölkəmizin yüksək texnologiyaların inkişafına töhfəsini yüksək qiymətləndirib. Bu gün jurnalistlərə açıqlamasında isə Sofiya bundan sonra keçirəcəyi görüşlər və beynəlxalq tədbirlərdə “ASAN Xidmət” modelini təbliğ edəcəyinə söz verib.
Azərbaycana “səfəri” çərçivəsində ilk dəfə İmişli “ASAN Həyat” kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunan Sofiya “ASAN Xidmət” modelinin çox müasir və vətəndaşyönümlü olduğunu qeyd etdi. Bundan sonra keçirəcəyi görüşlərdə, beynəlxalq tədbirlərdə bu modeli təbliğ edəcəyinə söz verdi. Dünyanın ilk süni intellekt humanoid robotu – Sofiyanın kütləvi tədbirlərdə iştirakı aylar əvvəl qrafikə salınır. İndiyədək planetin ən məşhur siyasi, mədəniyyət, ictimai xadimləri ilə görüş keçirən, onlarla tanınmış televiziya kanalları, xəbər proqramlarında çıxış edən Sofiya oktyabrın 23-də “ASAN Xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərdi.
Süni intellekt əsasında ünsiyyət saxlayan, fikir mübadiləsi aparan Sofiya insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilir. Oktyabrın 25-dək Azərbaycanda qalacaq.

