Siyasət 

Ramiz Mehdiyevdən qanunlara akademik sayğısızlıq

Bu, Prezident İlham Əliyevin koronavirusa qarşı apardığı ciddi və dünya miqyasında bəyənilən siyasətinə inamsızlıq yaratmaq cəhdi idi

 

Bu gün bütün dünya pandemiyanın yaratmış olduğu mürəkkəb bir dövrdədir. Azərbaycan dövləti də bu böyük bəladan az itki ilə çıxmaq üçün bütün imkanlarını səfərbər edib. Prezident İlham Əliyev səviyyəsində bütün proseslər nəzarət altındadır. Xalqımız dövlətimizlə bərabər Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq virusa qarşı birgə və inamla mübarizə aparır. Məhz bunun nəticəsi olaraq qısa müddətdə 10- dək modul tipli xəstəxana tikildi və koronavirusla mübarizə üçün xaricdən həkimlər gətirildi, sərt karantin rejiminin təbiqi müddətində iş yerləri bağlanmış insanlara dövlət tərəfindən maliyyə yardımları edildi.

Hətta Prezident İlham Əliyev tədbirlərə tibbi maska ilə qatılır və sosial məsafənin qorunması üçün dəyərli nümunələr göstərir. Əgər cənab Prezident qapalı məkanlarda tibbi maskadan istifadə edirsə bu o deməkdir ki, hər kəs bu qaydalara qeyd- şərtsiz əməl etməlidir. O cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb etdiyi qaydalara də hər kəsin əməl etməsi bir şərtdir.

Lakin təəssüflər olsun ki, uzun müddət Azərbaycanda kifayət qədər yüksək vəzifə daşıyan, bir çox məsələlərdə özünü həlledici şəxs qismində göstərən və qanunlardan kifayət qədər xəbəri olan Prezident Administrasiyasının sabiq rəhbəri və Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev Azərbaycan qanunlarına əməl etmədən, pandemiyanın yaratmış

olduğu məhdudiyyətləri nəzərə almadan, Operativ Qərargahın qəbul etdiyi kütləvi tədbirlər, eyni zamanda, toy məclislərinin keçirilməsi ilə bağlı qadağalara əhəmiyyət vermədən, həm də ictimai rəyi nəzərə almadan nəvəsinin toy mərasimini təşkil edib.

Məhz bu toy mərasiminin ictimailəşməsi cəmiyyətdə ona və o toyda iştirak edən bir çox tanınmış insanlara, akademiklərə, deputatlara, Ombudsmana qarşı kəskin etiraz dalğası yaratdı. Əslində, bu, birbaşa Azərbaycan qanunlarına nəinki hörmətsizlik idi, eyni zamanda, Prezident İlham Əliyevin koronavirusa qarşı apardığı ciddi və dünya miqyasında bəyənilən siyasətinə inamsızlıq yaratmaq cəhdi idi.

Təbii ki, Ramiz Mehdiyevin bu davranışı Azərbaycan dövlətinə, Azərbaycan qanunlarına meydan oxumaq idi və təbii ki, onun razılığı olmadan bu toy mərasimi keçirilə bilməzdi və toyda iştirak edən qonaqlar evinin kandarında belə görünə bilməzdilər. Ona görə də açıq şəkildə görünür ki, məhz bu işlərin təşkilatçısı Ramiz Mehdiyevdir.

Ramiz Mehdiyev bununla da Azərbaycan qanunlarını ayaqları altına ataraq, Azərbaycan xalqını təhqir edərək, özünün hər kəsdən üstün mövqeyə malik olduğunu nümayiş etdirmək istədi və cəmiyyətə mesaj verdi ki, mən hələ də güclüyəm. Lakin cənab İlham Əliyevin də elan etdiyi kimi, hər kəs özünü Azərbaycan qanunları qarşısında məsul bilməli və xalqa, dövlətə sədaqətlə xidmət etməlidir. Yəni, kimsənin qanunları pozmağa haqqı yoxdur və bu istitqamətdə Azərbaycanda kimsəyə xüsusi status da verilməyib.

Ən təəssüfedici hal isə odur ki, Ramiz Mehdiyev ən böyük elm ocağımızın -Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentidir. Bu vəzifənin daşıyıcısı olaraq sözün həqiqi mənasında alimlərə məxsus olan nəcibliyi, qanun və qaydalara ciddi şəkildə əməl etməyi, bütün cəmiyyətimiz tərəfindən hörmət bəslənilən ziyalılığı nəzərə almalı və bu addımı atmamalı idi.

Görünür ki, məhz bu keyfiyyətlər Ramiz Mehdiyevdə yoxdur. İndi ölkə əhalisi də haqlı olaraq bu qənaətdədir ki, Azərbaycan qanunlarını heçə sayan və onu şəxsi maraqları naminə ayaqlar altına atan Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsini daşımağa heç bir mənəvi haqqı yoxdur. Eyni zamanda, çoxsaylı hökumət təltifləri var ki, bu təltiflərdən məhrum edilməlidir. Çünki o, bir daha göstərdi ki, vaxtı ilə PA-nın rəhbəri kimi bir mötəbər vəzifəni tutmuş və bu gün də AMEA-kimi dəyərli bir quruma rəhbərlik edən şəxs olaraq Azərbaycavn xalqına, onun dövlətinə və rəhbərinə qarşı hörmətsizlik edib.

Qeyd edək ki, Prezident İlham Əliyev geniş iqtisadi-siyasi və hüquqi islahatlara başlayanda ona ciddi maneələr törədən qüvvələr var idi və həmin qüvvələrin başında duranlardan biri də məhz Ramiz Mehdiyev idi. Bu barədə cənab Prezident çıxışlarında dəfələrlə bildirib ki, islahatlara mane olan böyük vəzifəli insanlar var di. Onlar Azərbaycan dövlətinin inkişafına, müasirliyə, korrupsiya qarşı mübarizəsinə, şəffaflığa və kadrların gəncləşdirilməsinə qarşı çıxırdılar. Məhz onların bir çoxunun vəzifələrindən kənarlaşdırılması prosesi başladı. Lakin Ramiz Mehdiyev

kimilər bu gün də islahatlara qarşı mübarizəsini bəzən gizli, bəzən də açıq şəkildə davam etdirirlər.

Ramiz Mehdiyevin kürəkənin toyunda iştirak edən Milli Məclisin deputatı Siyavuş Novruzov, onun həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov da Ramiz Mehdiyev kimi ölkə qanunlarına və Prezident İlham Əliyevin koronavirusa qarşı mübarizə siyasətinə kölgə salanlardandır.

Xüsusilə, Abel Məhərrəmov xalqın adından riyakarcasına danışaraq guya Ramiz Mehdiyevin ölkənin inkişafındakı «qətiyyət»indən danışır. Bunula da o, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin böyük Azərbaycan naminə xidmətlərini heçə sayır. Bu, həmin Abel Məhərrəmovdur ki, İspaniyadakı səfir oğlu ilə birgə çaxır alveri ilə məşğul olurdu. Bu, həmin Abel Məhərrəmovdur ki, BDU-nu rüşvət və korrupsiya yuvasına döndərmişdi.

Siyavuş Novruzov isə bu toyda iştirakını özünə şərəf bilirdi: «İnsan insandır. Dost dostdur, düşmən düşməndir. Bu ağsaqqal adamdır, akademiyanın prezidentidir, məni dəvət edib toyuna. Mən indi necə getməyim ora? Onda mən şərəfsizlik paltarını geyinməliyəm və camaatın arasına şərəfsiz kimi çıxmalıyam. Mən kişiyəm.»

Bir gün sonra isə özünə şərəf bilib getdiyi toyun sahibinin onu aldatdığını deyərək Ramiz Mehdiyevi «baqaja» qoyur: «Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman Ümummilli Liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram.

Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən «Cənab Prezidentdən icazəsini almışam» deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun «Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb» deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar».

Bəli, YAP icra katibinin keçmiş müavini, (artıq o bu vəzifədən istefa verdiyini bəyan edib) Milli Məclisin komitə sədri koronavirusla bağlı parlamentdəki çıxışlarında Operativ Qərargahı daha sərt tədbirlərə əl atmağa çağırırdı, cərimələrin məbləğinin artırılmasını tələb edirdi. Görünür, bu adam sözü ilə əməli düz gəlməyənlərdəndir.

Ən nəhayət toy sahibləri -Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin və onun qudasının əlləri qandallı məhkəməyə gətirilmələri və hər birinə 15 sutka həbs cəzasının verilməsi, o cümlədən toyda iştirak edənlərin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 400 manat cərimələnmələri bir daha göstərdi ki, Azərbaycan hüquqi dövlətdir və vəzifəsindən, cəmiyyətdəki statusundan asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir.

Elçin Zaman«İki sahil»

Daha çox xəbərlər