Ermənistanın növbəti hərbi məğlubiyyəti Goranboy istiqamətində reallaşdı
İşğalçı ölkənin hakimiyyəti narazı əhalinin fikrini yayındırmaq üçün hərbi təxribatlarını davam etdirir
Avqustun 22-də erməni diversiya-kəşfiyyat qrupu Goranboy rayonu istiqamətində diversiya hücumu həyat keçirməyə cəhd göstərib. Lakin Azərbaycan hərbçiləri bu diversiyanın qarşısı qəhrəmancasına alıblar. Nəticədə düşmən itki verərək geri çəkilib və kəşfiyyat komandiri Qurgen Alaverdyan isə hərbçilərimiz tərəfindən əsir götürülüb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan erməni diversiya-kəşfiyyat qrupunun itki verərək geri çəkilməsi və komandir Qurgen Alaverdyanın Azərbaycan Ordusu tərəfindən əsir götürülməsi ilə bağlı gülünc açıqlama yayıb. Açıqlamada deyilir ki, guya Qurgen Alaverdyan «hərbi mövqeləri yoxlamaq üçün» gedərkən hava şəraitinin pis olması səbəbindən azıb: «22 avqust saat 19:30 radələrində döyüş mövqelərini yoxlamaq üçün gedən Qurgen Alaverdyan hava şəraitinin pis olmasına görə azıb. Axtarış işləri davam edir.»
Maraqlıdır ki, bunun ardınca erməni tərəfi Azərbaycan Müdafiə Nazirliyinin məlumatına münasibət də bildirib. Belə görünür ki, Ermənistan Müdafiə Nazirliyi artıq diversantların komandiri Qurgen Alaverdyanın əsir alındığından məlumatlıdır. Belədə görəsən, hansı «axtarış işləri» aparırlar? Bu, artıq Ermənistan hərbi qüvvələrinin son bir neçə ayda hərbi mövqelərimizə növbəti diversiya xarakterli hücumları idi və bu dəfə də onlar ağır məğlubiyyətə uğradılar.
Ümumiyyətlə, işğalçı Ermənistan hakimiyyəti kritik vəziyyətdən çıxmaq, ondan narazı olan əhalinin fikrini yayındırmaq üçün hərbi təxribatlara əl atmaqda davam edir. Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində «kiçik müharibə»yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdən yayındırması istisna olunmurdu. Məhz bu diversiya hərəkətlərinin intensivləşməsi də Nikol Paşinyanın avantürist davranışlararından qaynaqlanır.
Bu da faktdır ki, bir çox hallarda narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayanırlar. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna olunmur. Nikol Paşinyan çox gözəl dərk edir ki, irimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan Ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Bu vəziyyətdə Ermənistanın məqsədi «kiçik müharibə» effekti yaradıb, daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb, Azərbaycan Ordusunun hücuma keçdiyi, Ermənistan dövləti və onun «məzlum» xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir.
Qeyd edək ki, 22 avqustda Goranboy istiqamətindəki hərbi diversiydan öncə yəni, iyulun 12-də Ermənistan hərbi birləşmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə qəfil hücuma keçərək hərbi təxribat törədiblər. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi avantüraya görə bütün məsuliyyət onun hərbi-siyasi rəhbərliyinin üzərində qaldı.
Bəli, məhz Ermənistanda yeni inqilab mehi əsməkdədir. Bu reallıqda Ermənistanın hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq dəfələrlə sınaqdan çıxardıqları taktikanı yenidən işə salmaq məcburiyyətində qalıblar. Daxili riskləri süni yaradılmış xarici risklər hesabına kompensasiya etmək, yəni, hərbi avantüraya əl atmaqla Ermənistan rəhbərliyi hakimiyyətinin ömrünü uzatmaq niyyətindədir.
Bu da faktdır ki, sadə ermənilər diktatura rejiminin ömrünü uzatmaq naminə övladlarını müharibədə qurban vermək istəmirlər və bununla bağlı etiraz edənlərin sayı gündən-günə artmaqdadır.
Elçin Zaman, «İki sahil»

