İSLAM 

Fuad Nurullayev: Aşura mərasiminin izdihamla keçirilməsi cəmiyyətimiz üçün ciddi təhlükə yarada bilər

Pandemiya ilə əlaqədar Məhərrəm ayına və Aşura gününə xas ayinlərin, inancların kütləvi şəkildə deyil, bütün müsəlman aləmində razılaşdırılmış qaydalara uyğun, fərdi qaydada keçirilməsi məqsədəuyğundur

 

“Bu gün qlobal problemlər silsiləsində ön sırada koronavirus pandemiyası dayanır. Bəşəri bəla statuslu COVID-19-un ən təhlükəli cəhəti həm də ondadır ki, o, bəşəri  səciyyə daşıyaraq, insanların sağlamlığını, rahatlığını və həyat tərzini təhdid altında saxlayır. Pandemiyaya qarşı mübarizənin ilk günündən dövlət başçısının tapşırığına əsasən pandemiyanın fəsadlarından əhalinin qorunması, insan sağlamlığına diqqət və qayğısı istiqamətində zəruri qabaqlayıcı, təxirəsalınmaz və mübarizə xarakterli tədbirlərin görüldüyü danılmazdır. Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verilib. Pandemiya dövründə məcburi təcrid tədbirlərinin həyata keçirilməsi virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

QMİ-nin sədr müavini bildirib ki, İlahi qismətdən bu il Məhərrəm ayı və  Aşura günü koronavirusla bağlı yaranmış təhlükəli və riskli dönəmə, pandemiya ilə mübarizənin hələ də davam etdiyi dövrə  təsadüf edir: “İslam aləmi üçün müqəddəs sayılan, əbədi yaşamaq  rəmzi olan, şəhadət ayı hesab edilən Məhərrəm ayı və İslam uğrunda mübarizə aparan, Kərbəla düzündə  şəhid olanların şəhədət günü- Aşura  taziyələri Azərbaycanda da hörmətlə qeyd olunur. Bütün dünyada,  müsəlman ölkələrində karantin rejiminə ciddi əməl olunduğu bir zamana təsadüf edən Məhərrəm ayında,  Aşura günündə insanların kütləvi  toplaşmasına qoyulan məhdudiyyətləri  Azərbaycan möminləri, inanclı şəxslər dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, gördüyü işləri yüksək qiymətləndirir və  məsuliyyət və nizam-intizamlı davranışla qlobal bəla ilə mübarizəyə dəstək olurlar. Pandemiya ilə əlaqədar Məhərrəm ayına və Aşura gününə xas  ayinlərin, inancların kütləvi şəkildə deyil, bütün müsəlman aləmində razılaşdırılmış qaydalara uyğun, fərdi qaydada keçirilməsi məqsədəuyğundur. Azərbaycanda Aşura günü dindarların bir yerə yığışması yeni yoluxmaların sayının artıra, koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejiminin  uzadılmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Bütün dünyada kütləvi tədbirlər qadağan olunub, insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilib. Ümumdünya Səhiyyə Təşkilatı, ekspertlər  izdiham, mitinq, ayrı-ayrı mərasimlərin insan həyatı üçün ölümcül təhlükə olmasına dair ardıcıl açıqlamalar, bəyanatlar verirlər. Xarici ölkələrin təcrübəsi də  göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Bu baxımdan, İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən İranın Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib. Məhərrəmlik ayının başlanması ilə əlaqədar bildirilir ki, Tehran vilayətində koronovirusun güclü şəkildə yayıldığına görə, rəsmilər yeni qərarın icra olunmasını vurğulayıblar. Məscidlərin imamları, təşkilatçılar və məscidlərin nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimləri, hətta qısa zamanda olsa belə, təşkil etməkdən çəkinsinlər.”

İndiki şəraitdə həm dinimizin, həm də dövlətimizin qoyduğu qanunlara riayət etməklə qapalı məkanlara, o cümlədən məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil

F. Nurullayev qeyd edib ki, dinimizdə də insan sağlamlığının qorunması üçün müstəsna əhəmiyyət kəsb edən tələblər var: “Uca Allah “Qurani-Kərim”də “Özünüzü öz əlinizlə təhlükəyə atmayın”, Peyğəmbərimiz (s) də “Əgər bir məkanda xəstəliyin olduğunu bilsəniz ora daxil olmayın, əgər xəstəlik olan yerdəsinizsə, oradan kənara çıxmayın” deyə buyurmaqla insanların sağlamlığının qorunmasının vacibliyini vurğulayıblar. İndiki şəraitdə həm dinimizin, həm də dövlətimizin qoyduğu qanunlara riayət etməklə qapalı məkanlara, o cümlədən məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil: “İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmayıb. Mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında da qeyri-adi səbəb yoxdur. Bu, kütləvi tədbirlərlə əlaqədar bu vaxta qədər verilmiş qərarların məntiqi davamıdır.”

Tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir

Həmsöhbətimiz əlavə edib ki, Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər: “Kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Ona görə də bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. Məhərrəmlik dövründə təziyə ehsanı olaraq imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər hansı sovqatın çatdırılması Allaha xoş gedən bəyənilən əməldir. Həmçinin, son illər Məhərrəmlik dönəmində tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Müqəddəs dəyərlərə hörmətlə yanaşan, milli-mənəvi dəyərlərini hər zaman yüksək tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində hazırkı çətinliyi də geridə qoyacaq, dini tədbirlərini növbəti illərdə davam etdirəcək. Azərbaycan xalqı, vətəndaşlarımız həmişə anlaşıqlıq, yüksək mədəniyyət nümayiş etdiriblər. Dindarlarımız da insanları hazırkı mürəkkəb vəziyyəti nəzərə almağa dəvət edir, çağırışlar səsləndidirlər. İnsanlara tövsiyəmiz odur ki, ilk olaraq Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun şəkildə hərəkət etsinlər. Dini mərasimləri qapalı məkanlarda kütləvi şəkildə deyil, fərdi şəkildə hər kəs öz ailəsində çox insanı bir araya toplamamaq şərti ilə müasir üsullarla,  zamanın tələbinə uyğun həyata keçirsinlər. ”

Daha çox xəbərlər