Azərbaycanla oyuna çağırıldı, 10 gün evdən bayıra çıxmayacaq
Futbol millimizlə UEFA Millətlər Liqası çərçivəsində oyuna çağırılan Kipr millisinin futbolçusu Aleksander Qoqiç özünü 10 günlük təcrid edib.
Bu barədə Şotlandiyanın “Hibernian” klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Kipr millisinin serb əsilli futbolçusunun verdiyi ilkin koronavirus testi pozitiv çıxsa da, sonrakılar neqativ nəticələnib. Lakin Şotlandiya Futbol Assosiasiyası və yerli hökumət futbolçunun komandadan uzaqlaşdırılmasını və dünənki “Aberdin”lə matça buraxılmamasını istəyib.
Ehtiyat tədbir olaraq 26 yaşlı futbolçu 10 gün özünü evdə təcrid edəcək.
Qeyd edək ki, sentyabrın 8-də millimiz səfərdə Kiprlə qarşılaşayacaq. Bu görüşə Aleksander Qoqiçin də çağırıldığını nəzərə alsaq, onun yığmamızla görüşü buraxacağını demək mümkündür.

