Koronavirus dünyada sığorta şirkətlərinə ciddi zərər vurur
Koronavirus pandemiyası ilə əlaqədar tanınmış “Lloyd’s of London” sığorta şirkəti ciddi zərər görüb.
“Bloomberg” agentliyi xəbər verir ki, şirkət bu günə qədər COVID-19-dan zərər çəkən müştərilərinə, ümumilikdə, 5 milyard funt sterlinq (6,49 milyard dollar) ödəmə edib.
Sığorta ödəmələrinin əhatə dairəsinə sahibkar fəaliyyətini dayandıranlar və karantin məhdudiyyətlərinə görə tədbirlərini ləğv edənlər də daxildir.
Qeyd olunur ki, 10 minlərlə insan “Lloyd’s of London” sığorta şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Şirkətin rəhbəri Con Nil bildirib ki, pandemiya fəlakətli sosial və iqtisadi ziyana səbəb olub.
Hesablamalara görə, dünya iqtisadiyyatını pandemiya böhranın nəticələrindən xilas etmək üçün 2025-ci ilədək 35 trilyon dollar vəsait tələb oluna bilər.

