Azərbaycanda “yol terroru”nun qarşısını alacaq Bakı məktəbindən REPORTAJ – FOTO/VİDEO
Bu gün respublika ərazisində kifayət qədər yol-nəqliyyat hadisələri baş verir. Təəssüf ki, qəzalarda həyatını itirənlərin sayı da az deyil. Bədbəxt hadisə adlandırdığımız bu qəzaların böyük əksəriyyəti isə sürücülərin səriştəsiz, daha doğrusu heç bir təhsil almadan sükan arxasına keçməsi ilə əlaqədardır.
Texniki-peşə təhsili pilləsi cəmiyyətin müxtəlif inkişaf mərhələlərində formalaşaraq tarixi bir yol keçib və ixtisaslı kadrlara olan tələbatın ödənilməsində mühüm rol oynayıb. Xüsusən 1995-ci ildən sonrakı dövrdə peşə məktəblərində təlim-tərbiyə prosesinin səmərəliliyinin yüksəldilməsi, gənclərin peşə və fənlərə olan maraq və meyillərinin artırılması, onların istedad və biliklərinin üzə çıxarılması, pedaqoji prosesin forma və metodlarının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Azərbaycanın digər bölgələrindən fərqli olaraq bu peşə məktəbi Bakıda yerləşir.
Söhbət indiki Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzindən gedir. Əvvəllər 6 nömrəli peşə təhsil müəssisəsi olan bina 1987-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə sürücü kadrları hazırlayıb. İl ərzində müəssisədən 300-350 nəfərə yaxın peşəkar sürücü məzun olub. 2017-ci ildən isə mərkəzin adı Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi kimi dəyişdirilib.
Mərkəzin direktoru Füzuli Talıbovun sözlərinə görə, mərkəzin fəaliyyətində məqsəd peşəkar kadrların hazırlanmasıdır:
“Mərkəzə 16 yaşdan yuxarı istənilən şəxs sənədlərini verib təhsil ala bilər. Yalnız 18 yaşdan sonra sürücülük vəsiqəsi almaq üçün imtahan verə bilərlər. Mərkəzdə kifayət qədər təcrübəli kadrlar tərəfindən tədris prosesi aparılır. Şəxsiyyət vəsiqəsi və sağlamlıq haqqında arayış təqdim etməklə, müvafiq ödənişləri etdikdən sonra təhsilə başlaya bilərlər.
Eyni zamanda, digər şəxslər təlim meydançasında təlim keçmək üçün müraciət edə bilər. Müəllimlərimiz onların da praktiki sürücülük vərdişlərinə yiyələnməsi üçün əllərindən gələni edəcəklər”.
Mərkəzin direktor müavini Fərhad İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, 26 ildən çoxdur ki, bu təhsil müəssisəsində çalışır.
Bir sürücünün bilməli olduğu bütün xırdalıqlara hakim olan F.İsmayılov deyir ki, bu gün respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbi sürücülərin yol hərəkəti qaydalarını bilməməsidir:
“Bu gün Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində tədris prosesi uzun illərdən bəri qorunub saxlanılan maddi-texniki baza əsasında aparılır. Burada tədris prosesi keçən şəxslər nəqliyyat vasitəsinin ən xırda detallarına qədər hakim olurlar. Pandemiya dövrü olmasına baxmayaraq, son altı ay ərzində mərkəzdə laboratoriyalar təmir edilib, əyani tədris otaqları daha yaxşı vəziyyətə gətirilib. Bu işlərdə mərkəzin direktoru Füzuli Talıbovun çox böyük rolu olub.
İl ərzində qeydə alınan yol nəqliyyat hadisələrində xəsarət alanların, həyatını itirənlərin statistikasını gördükdə təəssüf hissi keçiririk. Çünki, ani diqqətsizlik səbəbindən bir yox, bir neçə nəfərin həyatı riskə atılır. Bütün bunlar isə bir insanın “avtomobil sevdasına” yenildiyindən baş verir. Sürücülük vəsiqəsini almaqla sərbəst şəkildə avtomobil yoluna çıxmaq doğru deyil. Bu səbəbdən də bədbəxt hadisələr baş verir. İl ərzində belə qəzalarda ölənlərin sayı mindən çox olur. Bütün bu ölüm hallarının qarşısının alınması məqsədilə mərkəzdə müəyyən tədbirlər, layihələr hazırlanır”.
Bəs tez-tez avtomobil yollarında qarşımıza çıxan və üzərində “Təlim” yazılan nəqliyyat vasitələri sürücü olmaq istəyən şəxslər üçün nə vəd edir?
F.İsmayılovun sözlərinə görə, bu kimi təlim keçən şəxslərin böyük əksəriyyətinin lisenziyası yoxdur və bu, sürücülük vəsiqəsi alan və ya almaq istəyən şəxslər üçün təhlükəlidir:
“Sürücülük vəsiqəsi almaq üçün əvvəlcə nəzəri biliklərə, daha sonra isə praktiki biliklərə sahib olmaq vacibdir. Praktiki biliklərə yiyələnmək üçün azı 3-6 ay təlim meydançasında öyrənməlidir. Təlim meydançasının sahəsi isə 1,2 kvadrat kilometr olmalıdır. Yalnız burada təlim keçdikdən sonra şəxslər avtomobil yoluna çıxa bilər. İlkin mərhələdə qəsəbədaxili, daha sonra isə magistral yollarda sükan arxasında otura bilərlər.
Amma təəssüf ki, insanlar bu məqamlara diqqətsiz yanaşdıqları üçün kimi özlərini, kimi ətrafdakı insanları təhlükəyə atırlar. Təlim keçmək üçün bir şəxsin ən azı beş il peşəkar sürücülük praktikası və iki il ərzində yol hərəkəti qaydalarının tələblərini kobud şəkildə pozmadığına dair aidiyyəti qurumdan icazə kağızı olmalıdır. Təəssüf ki, bu məsələyə də ciddi yanaşılmır, çünki insanlarımız bu məqamlara diqqət etmir.
Bu gün ölkə ərazisində standartlara cavab verən iki təlim meydançası var ki, onlardan biri bizim müəssisənin, digəri isə Bakı Nəqliyyat Agentliyinin nəzdində fəaliyyət göstərir. Yaxşı olardı ki, biliklərinin hansı səviyyədə olduğunu bilmədikləri təlimçilərə deyil, bu sahədə ixtisaslaşmış bir müəssisədə tədris keçən müəllimlərə güvənsinlər”.
F.İsmayılov problemin mərhələli şəkildə kökündən həll olunmasının vacibliyindən danışıb:
“Bu məsələ ilə bağlı tərəfimizdən layihə hazırlanıb. Layihə artıq müzakirə edilib və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifova təqdim olunub. İrəli sürülən təkliflər yüksək qiymətləndirilib və qərara alınıb ki, bu istiqamətdə mərkəzləşdirilmiş qaydada Texniki-Peşə və Sürücülük Məktəbi Kompleksi yaradılsın. Düşünürük ki, bu istiqamətdə aidiyyəti qurumlar da bizə dəstək olacaqlar”.

